Nazir: Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var


Digərləri 29 İyn 2018 18:18:51 495 0

Nazir: Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var

Azərbaycan-Macarıstan iqtisadi əlaqələri müzakirə edilib.

Bakı. Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyində görüş keçirilib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl Macarıstan nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüblər. Nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər. Sonra Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev Macarıstanın xarici işlər və ticarət naziri P.Siyarto ilə görüşüb. Ş.Mustafayev Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin, biznes forumların əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu ilin sonunadək Budapeştdə Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının və biznes-forumun keçirilməsi nəzərdə tutulur. Nazir Azərbaycan və Macarıstan arasında iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin bu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artdığını qeyd edib. Ötən ildə "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Macarıstana ixrac missiyası təşkil edilib.