Xızının kəndinə içməli su verilib


Digərləri 29 İyn 2018 15:26:00 252 0

Xızının kəndinə içməli su verilib

Xızının Yeni Yaşma kəndində 2000-dən artıq sakin dayanıqlı içməli su ilə təmin edilib.

Bakı. Xızının Yeni Yaşma kəndində 2000-dən artıq sakin dayanıqlı içməli su ilə təmin edilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, kənddə yeni içməli su təchizatı sistemlərinin yaradılması dövlət investisiya layihəsi çərçivəsində həyata keçirilib. Yeni layihənin icrasına qədər kəndin su təchizatı 1990-cı illərdə yaradılmış infrastruktur hesabına həyata keçirilib. Həmin illərdə tikilmiş magistral və şəbəkə su xətləri uzun müddət istismar olunduğundan son vaxtlar normal su təchizatını həyata keçirmək mümkün olmurdu. Xüsusilə yay aylarında kəndin su təminatında çətinliklər yaranırdı. Mövcud su təchizatı sistemlərinin köhnəlməsi və istismar tələblərinə cavab verməməsi, həmçinin əhali artımı və kəndin böyüməsi nəzərə alınaraq su təchizatı infrastrukturunun tamamilə yenidən qurulmasına qərar verilib. Layihə çərçivəsində Şollar-Bakı su kəmərindən Yeni Yaşma kəndinə 5,3 km uzunluğunda özüaxımlı magistral su kəməri inşa edilib. Qısa müddətdə kənd ərazisində 9,7 km uzunluğunda yeni içməli su şəbəkəsi yaradılıb. Hər bir evə birləşmə verilib və 360 abonent sayğacla təmin edilib. Kəndin mərkəzində əhalinin ümumi istifadəsi üçün bulaq quraşdırılıb. Eyni zamanda kəndin relyef şəraiti nəzərə alınaraq dayanıqlı su təchizatı məqsədilə 2 ədəd hidrofor tipli nasos stansiyası inşa edilib. Artıq tikinti-quraşdırma işləri yekunlaşıb, 2000-dən çox sakin yeni yaradılmış infrastruktur hesabına fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilir.