Sahil Muhafizəsi Xəzərdən mina tapdı


Digərləri 29 İyn 2018 13:15:00 328 0

Sahil Muhafizəsi Xəzərdən mina tapdı

Dövlət Sərhəd Xidməti sərhəd sularında etibarlı sərhəd mühafizəsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

DSX-dan Son.az-a verilən məlumata görə, qurumun Sahil Mühafizəsinin üzmə vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində adalara və qayalıqlara baxış keçirilərkən sahildən 13,9 km məsafədə Xəzər-Zirə adasının şimalındakı daşlıq ərazidə 1 ədəd köhnə dəniz minası aşkarlanıb, ərazi dərhal mühafizəyə götürülüb.

Mühəndis-istehkam mütəxəssisləri tərəfindən mina aşkarlanmış əraziyə baxış keçirilib, mərminin dəniz minası olması təsdiqlənib, daşınmasının təhlükəli olması səbəbindən yerində zərərsizləşdirilməsinin zəruriliyi barədə rəy verilib.

Mina aşkarlanan ərazidən bir neçə kilometr ətrafda infrastruktur obyektlərinin mövcudluğu nəzərə alınmaqla, dəniz minasının aşkar olunduğu yerdə təhlükəsizlik tələblərinə uyğun partladılması barədə qərar qəbul olunub.

Dəniz minası partladılma yolu ilə zərərsizləşdirilib.