Cəmşid Naxçıvanski və Heydər Əliyev hərbi liseylərində təhsil müddəti azaldılıb


Sosial 29 İyn 2018 02:48:33 378 0

Cəmşid Naxçıvanski və Heydər Əliyev hərbi liseylərində təhsil müddəti azaldılıb

Hər iki liseydə qəbul üzrə yaş həddi artırılıb

Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərin nizamnamələrində dəyişikliklər edilib.

“Report” xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, hər iki təhsil ocağında təhsil müddəti 3 ildən 2 ilə endirilib və ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edəcək.

Bundan əlavə, liseylərin X sinfinə 15 sentyabr tarixinədək 15 yaşı tamam olmuş və 17 yaşı tamam olmamış IX sinfi bitirmiş oğlanlar qəbul ediləcəklər.

Liseylərə daxil olmaq üçün namizədlərin seçilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılacaq. Liseylərə qəbul biliyin qiymətləndirilməsi üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçiriləcək.

Mülki işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində təhsilin təşkilinə cavabdeh olan yuxarı idarəetmə orqanının rəhbəri ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edəcək.

Dəyişikliyə görə, Müdafiə Nazirliyi və hər iki liseyin fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək təhsil ocaqlarının vəzifələri sırasından xaric edilib.