Azərbaycanın peşəkar fotoqrafı vəfat etdi


Digərləri 28 İyn 2018 23:47:00 244 0

Azərbaycanın peşəkar fotoqrafı vəfat etdi

Tanınmış fotomüxbir və peşəkar fotoqraf, Əməkdar Jurnalist və Əməkdar İncəsənət Xadimi, "Şöhrət" ordenli Yaşar Xəlilov 84 yaşında dünyasını dəyişib.

Son.az publika.az-a istinadən xəbər verir ki,  1934-cü il aprelin 11-də Bakıda anadan olan Yaşar Xəlilov əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzetinin idman şöbəsində başlayıb və bunun maraqlı tarixçəsi var. Atası ona təzə fotoaparat bağışlayır. Yaşar fotoaparatı götürüb dostları ilə birlikdə Bakıdakı Dağüstü Parka gedir. Burada yerli qəzetin fotomüxbiri olan bir qadın ona yaxınlaşaraq plyonkasının qurtardığını deyir, voleybol oyunundan fotoşəkillər çəkməyə kömək göstərməsini xahiş edir. Yaşar qadının xahişini məmnuniyyətlə yerinə yetirir, onun çəkdiyi şəkillər redaksiyada bəyənilir. Bundan sonra "Azərbaycan gəncləri" qəzetinin idman şöbəsindən gənc fotoqrafa əməkdaşlıq dəvəti gəlir. Onun ilk ciddi tapşırığı ağırlıqqaldırma üzrə Azərbaycan çempionu, idman ustası Təvəkkül Hüseynovun fotosunu çəkmək olur. Yaşar bu tapşırığın öhdəsindən bacarıqla gəlir. Onun çəkdiyi foto ifadəli alınır: qələbəyə can atan, mübariz keyfiyyətli idmançı obrazını canlandıra bilir.

Həmin dövrdə "Bakı" qəzeti nəşrə başlayır. Qəzetin baş redaktoru, məşhur jurnalist, mətbuat işinin gözəl təşkilatçısı Nəsir İmanquliyevin təşəbbüsü ilə yeni qəzetin ştatlı fotoreportyoru vəzifəsini tutmaq üçün müsabiqə elan edilir. Yaşar Xəlilov da bu müsabiqəyə qatılır və qalib gəlir. Beləliklə, gənc fotoqraf qəzetə işə qəbul olunur.

Bir il sonra, 1959-cu ildə Yaşar Xəlilov indiki Azərtac-a dəvət edilir və bununla da qarşısında daha geniş imkanlar açılır. Onun çəkdiyi fotoşəkillər bir çox qəzet və jurnallarda dərc olunmağa başlayır. Həmin illərdə təkcə Azərbaycanda deyil, SSRİ məkanında da tanınan Yaşar Xəlilov respublikamızda yeganə fotojurnalistdir ki, SİTA-nın müxbir qrupunun tərkibində 5 Olimpiya Oyunlarında - Münxen, Monreal, Moskva, Los-Anceles və Seul olimpiadalarında çəkilişlər aparıb, fotoşəkilləri bir sıra mötəbər beynəlxalq mükafatlara layiq görülüb.

Fotojurnalistika sahəsində yarım əsr fəaliyyət göstərmiş Yaşar Xəlilov sənətinin ustadı kimi həmişə ön sırada olub, ən çətin və məsuliyyətli tapşırıqlar ona həvalə edilib. Elə bir ciddi tədbir, yüksək səviyyəli yığıncaq və ya görüş, elə bir mühüm hadisə olmurdu ki, respublikanın baş informasiya agentliyinin fotoreportyoru onu işıqlandırmasın. Onun obyektivinin yaddaşına respublikada və hətta ondan kənarda baş verən hadisələr həkk olunurdu. Gecə-gündüz bilmədən işləyən fotoreportyor peşə ustalığını daim təkmilləşdirmək qayğısına qalıb, Moskvada "Fotoreportaj və jurnalistika" kurslarını bitirib.

O, ən böyük məktəbi 1969-cu ildə Azərbaycanın rəhbəri təyin edilmiş Heydər Əliyevlə işlədiyi illər ərzində keçib, peşəkarlıq zirvəsinə yüksəlib. Ulu Öndər jurnalistikaya, o cümlədən fotojurnalistikaya çox böyük əhəmiyyət verir, hər bir işin keyfiyyətinə son dərəcə tələbkarlıqla yanaşırdı. Bunun nəticəsi idi ki, Yaşar Xəlilov öz işini ən yüksək səviyyədə yerinə yetirməyə çalışırdı. İstər SSRİ dövründə, istərsə də ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra Yaşar Xəlilovu həmişə fotoaparatla görmək olurdu. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdarkən rəsmi çəkilişlərin aparılması Yaşara tapşırıldı. Onu "Prezidentin fotoreportyoru" da adlandırırdılar. O, dövlətimizin başçısını istər ölkə daxilində, istərsə də xarici səfərlərdə daim müşayiət edirdi. Bunun sayəsində çox maraqlı və görkəmli insanlarla - bir sıra ölkələrin rəhbərləri, tanınmış dövlət xadimləri, elm və mədəniyyət nümayəndələri ilə görüşür, onların fotolarını çəkirdi.