Yeni Qarabağ formatı: Belarusun həmsədrlik missiyası –


Siyasət 28 İyn 2018 23:34:00 256 0

Yeni Qarabağ formatı: Belarusun həmsədrlik missiyası –

Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Yəni, Belarus Ermənistanla eyni hərbi blokda təmsil olunur. Eyni zamanda, bu ölkənin Azərbaycanla çoxşaxəli əlaqələri var. Buna görə də hesab edirəm ki, Belarusu vasitəçiliyi ilə bağlı verilmiş təklif təklif kimi qalacaq.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Arzu Nağıyev Belarus Minsk qrupuna vasitəçi kimi cəlb edilməsi təklifindən danışarkən, deyib.

Politoloq bildirib ki, Belarus həmsədr, yaxud, vasitəçi kimi qrupa daxil edilsə, Türkiyə də bu istiqamətdə öz sözünü deyə bilər: "Əlbəttə, Ermənistan da Belarusun vasitəçiliyindən imtina edəcək. Belarusun Azərbaycana silah satması da Ermənistanı narazı salan məsələdir. Buna görə də, Belarusun vasitəçiliyinə imkan yaratmazlar".

Arzu Nağıyevin sözlərinə görə, ATƏT-in Minsk qrupunun hazırkı həmsədrləri deklorativ xarakterli bəyanatlardan imtina edib, bu məsələnin həlli ilə aktiv formada məşğul olsalar, müsbət irəliləyişlər ola bilər:

"Lakin həmsədrlər münaqişədə kimin aqressor, kimin işğala məruz qalmış tərəf olduğunu açıq formada göstərmirlər. Bu istiqamətdə addım atsalar, münaqişənin həllində dönüş nöqtəsi yarada bilərdi. Düşünürəm ki, məsələ ilə bağlı hansısa formatların təklif edilməsi siyasi manevrlərdir.

Hesab etmirəm ki, münaqişənin həlli üçün yeni variantlar irəli sürmək, yaxud, yeni formatlar axtarmaq məqsədəuyğundur. Əlbəttə, Azərbaycan Qarabağ məsələsinin dinc yolla həllinin tərəfdarıdır. Bütün hallarda isə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi birinci şərt olmalıdır".

Qeyd edək ki, Minsk qrupunun həmsədrləri Belarusun Xarici İşlər naziri Vladimir Makeylə görüşüblər. Görüşdə Makey həmsədrlərə Dağlıq Qarabağ münaqişəsinin həllində Belarusun vasitəçilik missiyasını təklif edib.