Türkiyənin seçki qalibiyyəti: 2023cü il hədəflərinə doğru


Digərləri 28 İyn 2018 20:00:00 239 0

Türkiyənin seçki qalibiyyəti: 2023cü il hədəflərinə doğru

Qardaş ölkədə növbədənkənar prezident və parlament seçkiləri uğurla başa çatdı.

Son.az newtimes.az-a istinadla bildirir ki, dünya türk dövlətində demokratiyanın nə dərəcədə yüksək səviyyəyə çatdığını gördü. Seçki sakitlik, qarşılıqlı anlaşma və beynəlxalq qaydalara riayət edilməklə keçdi. Hətta HDP belə insanları sakitliyə və demokratiyaya səsləyib, aranı qarışdırmaq istəyənlərə fürsət verilməməsini istədi. Vətəndaşlar bu kimi çağırışlara həssaslıq göstərdi və Türkiyə növbəti sınaqdan üzüağ çıxdı. Gözlənildiyi kimi, seçkidə "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan daha çox səs topladı. Bu ittifaqda Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyası birləşmişdi. Ana Vətən Partiyası və Muhsin Yazıcıoğlunun tərəfdarları da dəstək verirdilər. Son anda Tansu Çillər R.T.Ərdoğana dəstəyini ifadə etdi. Digər düşərgədə isə "Milli İttifaq" deyilən qrup vardı. Orada əsas olaraq CHP və HDP birləşmişdi. Ancaq onların hər birinin öz namizədi vardı. Onların yanında MHP-dən qopmuş, "İYİ Partiya" adlanan, Meral Akşenerin başçılıq etdiyi qrup vardı. Lakin M.Akşener hətta HDP-nin namizədindən az səs topladı. Bütün bunların Türkiyənin daxili və xarici siyasətinə mümkün təsiri üzərində geniş dayanmağa böyük ehtiyac vardır.

Milli iradə: türklər dünyanı heyran qoydu

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərini dünya maraqla gözləyirdi. Bu prosesin nəticələri bütövlükdə Türkiyənin dövlət və cəmiyyət olaraq durumunu ortaya qoyacaqdı. Türk dövləti güclüdür, yoxsa daxili problemləri mövcuddur? Türk cəmiyyəti özünü toparlaya bilirmi? Ona kənardan təsirlər nəticə verirmi? Yaxud türk cəmiyyəti özünü inkişaf etdirmək qüdrətindədirmi?

Bu suallara cavablar seçicilərin səsvermələrində öz əksini tapmalı idi. Və tapdı! Türk milləti dünyaya tarixi sözünü dedi, iradəsini göstərdi. Alınan nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan təqribən 52,6 faiz səslə qalib gəlib. Məhərrəm İncə (ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının namizədi) 30,6 faiz səs toplayıb. Digərləri aşağı nəticələr göstəriblər. Parlamentə seçkidə hakim partiya təqribən 42,6 faizlik səslə 295 yerə sahib olub. CHP 146 yer alıb. Digər mandatların 67-si Xalqların Demokratik Partiyasının, 49-u Millətçi Hərəkat Partiyasının, 43-ü isə "İYİ Partiya"nın payına düşüb. Seçki prosesi tam başa çatıb. Ali Seçki Komissiyası R.T.Ərdoğanın qalib gəldiyini bəyan edib.

Türkiyənin yenidən Prezidenti seçilən R.T.Ərdoğanı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev təbrik edib. Azərbaycanın dövlət başçısı R.T.Ərdoğanı ölkəmizə səfərə dəvət edib və bu, məmnuniyyətlə qəbul edilib. CHP-nin namizədi Məhərrəm İncə də R.T.Ərdoğanın qalib gəldiyini bildirib, eyni zamanda, demokratik mübarizəni davam etdirəcəyini bəyanlayıb. Ümumiyyətlə, CHP rəhbərliyi öz tərəfdarlarına müraciət edərək təxribatlara getməməyə çağırıb.

Siyasi təcrübədə bu, çox müsbət qiymətləndirilən hərəkət olmaqla Türkiyənin yüksək demokratik mədəniyyət sahibi olduğunu göstərir. Bu baxımdan müxalif liderlərin qalibə uğurlar arzulaması təqdirəlayiqdir. Məsələnin ümumən türk dövlətçiliyinin taleyi ilə əlaqəli olduğunu, görünür, Türkiyədə siyasi dairələr yaxşı dərk edirlər. Lakin proseslərin bundan sonra necə davam edəcəyini də gözləmək lazım gəlir.

Seçkinin nəticələrinin geosiyasi vəziyyətə təsiri məsələsi isə ekspertlərin təhlil predmetidir. Hər şeydən əvvəl, Türkiyənin hazırkı siyasi kursu davam edəcəyi güman edilir. Bu kursun 2023-cü il hədəflərini R.T.Ərdoğan bir neçə dəfə bəyan edib. Burada ölkənin dünyanın söz sahiblərindən biri səviyyəsinə yüksəldilməsi başlıca məqsəd olaraq müəyyənləşib. Türkiyə yerləşdiyi regionun lideri olmaqla yanaşı, qlobal geosiyasi proseslərə də ciddi təsir edə bilən dövlət statusu uğrunda mübarizə aparır. Və bu istiqamətdə böyük uğurlar əldə edib. Şübhə yoxdur ki, bu proses davam edəcək.

2023-cü il hədəfləri sırasında Türkiyənin dünyanın 10 ən inkişaf etmiş iqtisadi gücləri sırasına daxil olmaq istəyi də vardır. Bu, bütövlükdə iqtisadi infrastrukturun daha yüksək səviyyəyə qaldırılması, yeni texnologiyaların tətbiqi və yerli istehsal sisteminin gücləndirilməsi ilə əlaqələndirilir. Həmin bağlılıqda Türkiyənin hərbi sənayesinin sürətli inkişafı xüsusi yer tutur. Yeni silahların kəşfinə bu sırada böyük diqqət yetirilir. Təcrübə göstərir ki, Ankara həmin vəzifənin öhdəsindən uğurla gəlir. İndi Türkiyə kosmik sənaye və yeni nəsil təyyarələrin istehsalı üzərində işləyir. Müasir texnologiyaların tətbiqinə ayrıca diqqət yetirilir.