Ölkəmizdə bir günlük istirahətin qiyməti


Digərləri 28 İyn 2018 18:12:00 235 0

Ölkəmizdə bir günlük istirahətin qiyməti

Yayın gəlişi ilə insanlar dincəlmək, öz məzuniyyətlərini rahat şəkildə keçirmək üçün bölgələrə, müxtəlif istirahət mərkəzlərinə üz tuturlar. Kimi otellərdə və ya koteclərdə qalır, kimi qohum-əqrəbasının yanına gedir, kimisi də şəxsi evləri kiraləyir. Ölkəmizdə dincəlmək istəməyənlər isə xaricə üz tuturlar. Azərbaycanlıların istirahət üçün ən çox getdiyi ölkələr əsasən Gürcüstan və Türkiyədir. Mövsümlə əlaqədar bölgələrdə, xüsusilə Quba və Qəbələ rayonlarında olan 5 ulduzlu otellərdə isə qiymətlər bir qədər bahadır.

Son.az azvision.az-a istinadən rayonlarımızdakı otellərdə müştərilərə təklif olunan qiymətləri araşdırıb.

Belə ki, "Quba Palace" oteldə yemək daxil olmaqla bir nəfərin günlük qalması 329 AZN, "Cənnət bağı" oteldə səhər yeməyi daxil 115 AZN-dir, "Terrace Quba" otelin koteclərində isə qiymət 60 manatdan başlayır. Qubada şəxsi evlərdə qalmaq xərci isə azı 30-40 manatdır.

Şəkidə "Marxal Resort & Spa" oteldə səhər yeməyi daxil bir nəfərin qalmaq xərci 135 AZN, "Şəki Palace" oteldə isə bir günlük xərc 80 AZN təşkil edir. Şəkidə şəxsi evlərdə bir günlük qalmaq nisbətən ucuzdur - 10 manatdan başlayır.

Qəbələdə yerləşən otellərdə səhər yeməyi daxil qiymət nisbətən bahadır. "Qafqaz Tufandag Mountain Resort" oteldə səhər yeməyi daxil bir günlük qiymət 332 AZN, "Qafqaz Sport" oteldə 1040 AZN, "Qafqaz Riverside Resort" oteldə 1194 AZN-dir.

Masallı rayonunda yerləşən "Viləş Palace" oteldə səhər yeməyi daxil bir nəfərin xərci 70 AZN, "Masallı" və "Karal" otellərində 30 AZN, Lənkəranda yerləşən "Xəzər Palace" oteldə 90 AZN, "Kaspi Sahil Lənkəran" oteldə 60 AZN-dir.

Milli Məclisin deputatı Elmira Axundova AzVision.az-a bildirib ki, Azərbaycanda otellərin qiymətləri insanların cibinə uyğun deyil. Lakin o, dünya ölkələri ilə müqayisədə yerli otellərdə qiymətlərin baha olmadığını düşünür.