"Ermənistan hərbi potensialının əhəmiyyətli hissəsini nəzarət rejimindən gizlədir"


Siyasət 28 İyn 2018 17:23:00 332 0

"Ermənistan hərbi potensialının əhəmiyyətli hissəsini nəzarət rejimindən gizlədir"

BMT Nizamnaməsini və Helsinki Yekun Aktını kobud şəkildə pozaraq, Ermənistan Azərbaycana qarşı gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərini işğal edib. Ermənistan işğal olunmuş əraziləri işğalda saxlamaqla və burada qanunsuz hərbi fəaliyyəti davam etdirməklə ATƏT-in Vyana sənədi üzrə etimad və təhlükəsizlik tədbirləri rejiminin əsasını təşkil edən suverenlik, ərazi bütövlüyünə hörmət, silahlı qüvvələrin ölkə ərazisində yalnız qəbul edən dövlətin razılığı ilə yerləşdirilməsi kimi əsas prinsiplərini pozur.

Son.az xəbər verir ki, bunu Azərbaycan Silahlı Qüvvələrinin keçirməyi planlaşdırdığı hərbi təlimlərə dair Ermənistan XİN-nin verdiyi şərhlə əlaqədar Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində külli miqdarda hərbi texnika və şəxsi heyət cəmləşdirməklə özünün hərbi potensialının əhəmiyyətli hissəsini nəzarət rejimindən gizlədir:

"Nəticədə Vyana sənədi üzrə qarşılıqlıq prinsipinə zidd olaraq Ermənistan öz hərbi potensialı və fəaliyyəti barəsində qeyri-düzgün məlumat verməkdə davam edir və öhdəliklərini kobud şəkildə pozur. Ermənistanın bu cür davranışı məsuliyyətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlikdir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalda saxlamaqda davam etməsi və bu əsnada Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən istifadə edilməsinin davam etdirilməsi regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdid olaraq qalmaqda davam edir".

Son.az