Bakı Ali Neft Məktəbində “Məzun Günü” keçirildi FOTO


Digərləri 28 İyn 2018 16:48:00 251 0

Bakı Ali Neft Məktəbində “Məzun Günü” keçirildi  FOTO

İyunun 28-də Bakı Ali Neft Məktəbində (BANM) tələbələrin "Məzun Günü" keçirildi.

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BANM-ın rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Ali Məktəbin professor-müəllim heyəti, ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin rektorları, transmilli şirkətlərin təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar və onların valideynləri iştirak ediblər.

BANM-ın rektoru Elmar Qasımov tədbiri öz sözlərilə açaraq bütün qonaqları  Ali Məktəbdə salamlayıb.

SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev demişdir: "Möhtərəm Prezidentimiz 2011-ci ildə qarşımıza yüksək texnoloji biliklərə sahib olan ingilisdilli neftçi mütəxəssislər hazırlayacaq müasir təhsil sistemi ilə təchiz olunmuş ali məktəbin Azərbaycanda yaradılması kimi şərəfli bir vəzifə qoydu. Çəkilən zəhmətin bəhrələrini görmək bizi sevindirir. Müasir Avropa təhsil konsepsiyasına uyğun hazırlanmış tədris proqramı, yeni yaradıcı mühit və təhsilin yüksək keyfiyyəti qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentləri Bakı Ali Neft Məktəbini seçməyə həvəsləndirir".

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tədbirdə çıxış edərək məzunları təbrik edib və bildirib ki, Ali Məktəbin vətənpərvər ruhda təhsil almış məzunları ölkənin  neft-qaz sənayesində ən peşəkar mütəxəssisləri və alimləri olacaqlar. Cənab nazir Ali Məktəbin yaradılmasını ölkə başçısının təhsilə və neft-qaz sənayesinə olan diqqətinin nəticəsi olduğunu vurğulayıb.

Rektor Elmar Qasımov öz çıxışında məzunları və onların yaxınlarını bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edib və məzunlara gələcək karyera və həyatlarında uğurlar arzulayıb. "Biz tələbələrimizi həyata və dünyaya hazırlayırıq. Əminəm ki, bu gün məzun olan tələbələrimiz keçən ilki məzunlarımız kimi Bakı Ali Neft Məktəbini və doğma Azərbaycanı yerli və transmilli şirkətlərdə, eləcə də dünyanın aparıcı universitetlərində layiqincə təmsil edəcəklər. Ötən il BANM iki ixtisas üzrə məzun buraxılışı həyata keçiribsə, bu il artıq üç ixtisas üzrə məzunlarını yola salır. Yeni dərs ilindən isə biz bakalavr pilləsi üzrə yeni ixtisasın tədrisinə başlayırıq. Biz bu gün böyük qürur hissi ilə deyə bilirik ki, Ali Məktəbimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz neft kapitalını insan kapitalına çevirməliyik" şüarını rəhbər tutaraq dinamik inkişaf edir, ölkəmizə potensiallı mütəxəssislər bəxş edir", - deyə rektor Elmar Qasımov qeyd edib.

Tədbir zamanı, həmçinin vurğulanıb  ki, BANM-ın ötən ilki ilk  məzunlarının hamısı işlə təmin olunub və bu gün həmin məzunlar SOCAR, Türkiyədə STAR Neft Emalı Zavodu, "Azneft" İB, "Azərikimya" İB, Heydər Əliyev adına NEZ, BANM, BP, Halliburton, Maire Tecnimont və s. kimi şirkətlərdə öz vəzifələrini böyük məsuliyyətlə yerinə yetirirlər.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə  BANM-a böyük rəğbət bəslədiyini, Ali Məktəbin tədris proqramlarının və hazırladığı mütəxəssislərin yüksək səviyyədə olduğunu qeyd edib və BP-də çalışan keçən ilki məzunlardan öz razılığını bildiib.  

Tədbirdə  SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov 60 illik yubileyi münasibətilə təbrik edilib. Öz növbəsində Xalik Məmmədov məzunları təbrik edib və  BANM kimi möhtəşəm layihənin gerçəkləşdirilməsində yer aldığına görə qürur hissi keçirdiyini bildirib.


Xəbərə aid fotolar