Bakı Metropoliteninin xalis zərəri 84% azalıb


İqtisadiyyat 28 İyn 2018 13:41:49 302 0

Bakı Metropoliteninin xalis zərəri 84% azalıb

Nəqliyyat müəssisəsi sərnişindaşımadan gəlirini 5% artırıb

“Bakı Metropoliteni” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2 299,315 mln. manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,55% azdır.

2017-ci ildə “Bakı Metropoliteni”nin cəmi öhdəlikləri 12,2% azalaraq 56,652 mln. manat, cəmi kapitalı isə 1,25% azalaraq 2 242,663 mln. manat, o cümlədən nizamnamə kapitalı 1,3% artaraq 2 614,402 mln. manat olub.

2017-ci ildə nəqliyyat müəssisəsinin sərnişindaşımadan gəliri 44,322 mln. manat (2016-cı ilə nisbətən 4,9% çox), dövlət büdcəsindən aldığı subsidiya 45 mln. manat (18,4% çox), sair əməliyyat gəlirləri 5,324 mln. manat (48% az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 6,106 mln. manat (31,1% az), istifadə etdiyi neft məhsullarının dəyəri 417 min manat (3,25% az), istifadə etdiyi elektrik enerjisinin dəyəri 11,428 mln. manat (25,4% çox), istifadə etdiyi qazın dəyəri 207 min manat (68,3% çox), istifadə etdiyi suyun dəyəri 4,16 mln. manat (26,4% çox), işçi heyəti üzrə xərcləri 41,132 mln. manat (1,4% çox), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 32,545 mln. manat (63,9% az), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 54 min manat (75,9% az), tikinti və avadanlıqlarının qalıq dəyəri 383 min manat (62,2% az), digər xərcləri 6,137 mln. manat (6% az), sair əməliyyat xərcləri isə 4,658 mln. manat (47,6% az) təşkil edib.

Son nəticədə “Bakı Metropoliteni” ötən ili 12,581 mln. manat xalis zərərlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 84% azdır.