DÇ-2018: Avtoqol sayında yeni rekord müəyyənləşdirilib


Digərləri 28 İyn 2018 10:02:00 151 0

DÇ-2018: Avtoqol sayında yeni rekord müəyyənləşdirilib

Qapıçı da topu öz qapısına vurub

Rusiyadakı futbol üzrə dünya çempionatında avtoqol sayı üzrə mundiallar rekordu təzələnib.

"Report"un məlumatına görə, yeni rekord iyunun 27-də F qrupunda keçirilmiş Meksika - İsveç matçında qeydə alınıb. "Yekaterinburq Arena"da təşkil edilmiş qarşılaşmanın 74-cü dəqiqəsində meksikalı müdafiəçi Edson Alvares topu öz qapısına göndərib. Bu, DÇ-2018-də 7-ci avtoqol olub. Beləliklə, 20 il əvvəl Fransada baş tutmuş dünya çempionatındakı rekord qüvvədən düşüb.

İsveçin 3:0 hesablı qələbə qazandığı görüşün ardından E qrupunda oynanılmış İsveçrə - Kosta-Rika matçı daha bir avtoqolla əlamətdar olub. 2:2 hesabı ilə yekunlaşan matçın uzatma dəqiqələrində penaltidən vurulan zərbə qapı tirinə tuş gəldikdən sonra isveçrəli qapıçı Yann Zommerə dəyərək, tora daxil olub. Beləliklə, DÇ-2018-də 44 oyunda 8 avtoqol gerçəkləşib.

Qeyd edək ki, dünya çempionatına iyulun 15-də yekun vurulacaq.