Mobil Dünya Konqresi keçirilir


Digərləri 28 İyn 2018 07:22:00 267 0

Mobil Dünya Konqresi keçirilir

Bu gün Şanxayda işinə başlayan Mobil Dünya Konqresində (Mobile World Congress Shanghai, MWC Shanghai) dünya telekommunikasiya sənayesinin inkişafının son yüksək texnoloji yenilikləri və tendensiyaları nümayiş olunacaq. Telekommunikasiya sahəsində ən böyük qlobal hadisələrdən hesab edilən sərgidə bu il dünyanın 100 ölkə və regionundan 550-dən çox şirkət iştirak edəcək.

Son.az ICTnews-a istinadən bildirir ki, tədbirdə mobil sektorun və müvafiq sahələrin peşəkarları ilə yanaşı, zamanla ayaqlaşmağa və yüksək texnologiyaların inkişafını izləməyə çalışan sadə istehlakçılar iştirak edir. Təşkilatçılar tərəfindən bu il sərgidə 60 mindən çox insanın iştirakı gözlənilir.

Məlumata görə, bu il "MWC Shanghai" "Özün üçün ən yaxşı gələcəyi kəşf et" şüarı ilə Pudun bölgəsində yeni Şanxay Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək. Yeddi pavilyonu əhatə edəcək sərgidə şirkətlərin ayrı-ayrı stendləri, mobil qurğuların və mobil sənayenin gələcəyini formalaşdıran innovativ məhsul, xidmət və texnologiyalı milli ekspozisiyalar nümayiş etdiriləcək. Söhbət ilk növbədə mobil telefonlar, şəbəkə infrastrukturu, proqram təminatı, mobil əlavələrin hazırlanması, açıq mobil sistemlər, mobil internet və İT və telekommunikasiya bazarında digər texnologiyalardan gedir.