Azərbaycan ordusu möcüzələr yarada bilər


Siyasət 28 İyn 2018 07:14:00 338 0

Azərbaycan ordusu möcüzələr yarada bilər

"Hazırda Azərbaycan Ordusu istənilən çağırışa cavab verə bilmək iqtidarındadır. Bu ordu 2016-cı ilin aprel döyüşlərində və 2 ay öncə Naxçıvan əməliyyatlarında qazanılanlardan daha böyük uğurlar əldə edə bilər".

Bunu Son.az-a açıqlamasında hərbi ekspert, istefada olan tanınmış polkovnik Konstantin Manuxin Azərbaycan Ordusunun 100 iliyinə həsr olunmuş hərbi paradı və paradda Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirləri dəyərləndirərkən bildirib.

Veteran hərbçinin sözlərinə görə, Azərbaycan öz Silahlı Qüvvələri ilə həqiqətən fəxr edə bilər. Çünki tarix böyu uzun yol qət etmiş bu ordu hazırda dünyanın ən güclüləri sırasındadır: "Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinin qeyd edilməsi unikal tarixdir. Bunun özü də çox şey deyir. Real olaraq Silahlı Qüvvələrimiz bu qədər uzunmüddətli mövcud olmasa da, tarix məhz o vaxtdan hesablanır. Silahlı Qüvvələrimizin quruculuğunun əsas prinsiplərinin, psixologiyasının, strukturunun təməli məhz o zaman qoyulub. İndi biz geriyə dönüb baxır və sevinirik. Çünki biz bu 100 il ərzində qoyulmuş həmin təməli qoruya bildik və buna görə fəxr edə bilərik.

Hərbi parad Azərbaycan Ordusunun hazırkı gücünün göstəricisi oldu  Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 26-da Bakıda keçirilmiş hərbi paraddan öncəki çıxışından da bəlli olurdu ki, o, Silahlı Qüvvələrimizə görə qürur hissi keçirir. Bu hiss olunurdu. Mütəmadi səylərin və döyüş hazırlığının nəticəsində Ordumuzun son zamanlar əldə etdiyi uğurlar böyük təəssürat yaradır. Bu, həqiqətən belədir. Güc nümayişi isə həmin dövlətin qüdrətindən xəbər verir. Yəni biz hazırda faktiki olaraq istənilən çağırışa cavab verə bilmək iqtidarındayıq. Cənab prezident də qeyd etdi ki, ermənilərin işğal etdikləri ərazilərdə yaratdıqları infrastrukturun hamısını məhv edə bilərik. Ali Baş Komandan belə dedi: "Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər". Bir anlıq təsəvvür edin ki, biz bütün bu atış gücümüzü və şəxsi heyətin əldə etdiyi təcrübəni necə tətbiq edirik, bu, xoş təəssürat yaradır".

Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda iştirak ediblər - VİDEO - FOTO K.Manuxin qeyd edib ki, məhz dövlət başçısının Silahlı Qüvvələrlə ilə bağlı baş verən bütün məsələləri diqqət mərkəzində saxlaması indiki ürəkaçan nəticələrin əldə edilməsinə gətirib çıxarıb: "Paradda düşmənə sarsıdıcı zərbə endirə biləcək ən müasir hərbi texnika və silahlarımızı gördük. Axı biz onları döyüşdə də tətbiq edə bilərik. Bilirsiniz ki, biz mütəmadi olaraq həm artilleriya, həm raket, həm hava hücumundan müdafiə, həm aviasiya, həm də digər müxtəlif hərbi təlimlər keçiririk. Bunlar da Silahlı Qüvvələrin döyüş hazırlığı barədə çox şeyi deyir. Bütün bunlara isə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev rəhbərlik edir. Onun Silahlı Qüvvələrimizin nəbzini daim əlində saxlaması mənim çox xoşuma gəlir. Dövlət başçısı Orduda baş verən bütün hadisələri diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, Ordumuz ilbəil güclənir. Təbii ki, ordu rəhbərliyinin də bunda böyük əməyi var. Ali Baş Komandanın onları layiqincə qiymətləndirməsi, orden və medallarla təltif etməsi də göstərir ki, onlar həqiqətən öz vəzifələrinin öhdəsindən gəlirlər və buna layiqdirlər. Azərbaycan Ordusu bundan da artığını edə, hətta möcüzələr yarada bilər".

Hərbi ekspert Bakıdakı hərbi paradda Türkiyə hərbçilərinin keçid etməsinə də münasibət bildirərək bunun çox böyük əhəmiyyət kəsb etdiyini deyib: "Paradda təkcə Azərbaycan Silahlı Qüvvələri yox, türkiyəli tərəfdaşlarımız da iştirak edirdi. Onlar paradda iştirakı ilə bizə həm yerdə, həm də havada dəstək verməyə hazırlığını nümayiş etdirdilər. Bütün bunlar məni çox sevindirir və həvəsləndirir".

İlkin İzzət