Azərbaycan ordusu 100 yaşını qeyd edir


Digərləri 27 İyn 2018 20:12:00 434 0

Azərbaycan ordusu 100 yaşını qeyd edir

THE JERUSALEM POST, İsrail

27.06.2018 

Müəllif: Arye Qut

Bu il Şərqin ən güclü ordularından birinin - Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümüdür. Müasir Azərbaycan ordusunun tarixi XX əsrin əvvəllərinə, yəni Azərbaycan Xalq Cümhuriyyətinə qədər uzanır. 19-cu əsrdə, həmçinin 20-ci əsrin əvvəllərində Azərbaycan xalqını təmsil etmiş onlarla məşhur hərbi lider olub. Azərbaycan Milli Ordusunun yaradılması təklifi çar Rusiyası dağıldıqdan bir müddər sonra - 1917-ci ilin mayında Qafqaz müsəlmanlarının qurultayında irəli sürülüb. Qurultay müsəlman alaylarının formalaşdırılmasına başlamaq məqsədilə xüsusi büronun yaradılmasına qərar verib. Milli Ordunun yaradılması məsələsi qısa müddətdən sonra - həmin ilin oktyabrında Musavat Partiyasının birinci qurultayında da müzakirə olunub.

Nəhayət, 1917-ci ilin noyabrında Cənubi Qafqaz respublikalarının komissarı Qafqazda milli hərbi korpusun yaradılması haqda qərar qəbul edir. Azərbaycan korpusunun formalaşdırılması general Əliağa Şıxlinskiyə həvalə olunur. Lakin Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycanda bu iş çox ləng gedirdi. Odur ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilən zaman ölkədə keçmiş müsəlman könüllü qruplarından ibarət olan 600 nəfərlik 1 hərbi hissə var idi. Əlbəttə ki, bu kiçik hərbi qüvvə ilə Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycan bolşeviklərinin lideri olan olan Şaumyanın (Bakı Kommunası) Gəncəyə hücumunun qarşısını almaq çətin idi. Belə vəziyyətdə Azərbaycana kömək edə biləcək yeganə ölkə Türkiyə idi. Bu məqsədlə AXC Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə hökumətinə müraciət etmişdi...

Bir sözlə, müasir Azərbaycan Ordusunun tarixi AXC dövrünə təsadüf edir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri 1918-ci il iyunun 26-da yaradılıb. Ölkənin de-fakto ilk müdafiə naziri Xosrov Sultanov olub. Nazirliyin rəsmən qurulmasından sonra isə general Səməd bəy Mehmandarov nazir, general-leytenant Əliağa Şıxlinski onun müavini postunu tutub. Baş Qərargah rəisi general-mayor Həbib bəy Səlimov olub.

1919-cu ildə Azərbaycanın dövlət büdcəsinin 24%-i hərbi xərclərə ayrılmışdı. Çünki həmin il 25 min nəfərlik Milli Ordunun qurulması planlaşdırılırdı. Müdafiə naziri general Mehmandarov Nazirlər Şurasına 1919-cu il aprelin 2-də göndərdiyi məktubunda Azərbaycan xalqının məşhur hərbi tarixinə, qəhrəmanlığına əsaslanan, milli vətənpərvərlik ruhunda hərbi hazırlıq keçilməsinin əhəmiyyətini qeyd edirdi.

1919-cu ilin sonlarında Azərbaycan ordusu artıq 2 piyada və 1 süvari diviziyasından ibarət idi. Bundan əlavə, Gəncədə 2 artilleriya batareyası və yüngül silahlara malik xüsusi bölmə yaradılmışdı. Həmin dövrdə orduda 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli nəqliyyat vasitəsi və s. var idi.

1920-ci ilin əvvəlində artıq şəxsi heyətin 40 minə çatdırılması planlaşdırılır, 19-24 yaşlı gənclərin hərbi xidmətə cəlbi nəzərdə tutulurdu. Ordunu gücləndirmək üçün 5 tank, 12 hidroplan, 6 təyyarə, 9 zirehli nəqliyyat vasitəsi və s. alınması da planlaşdırılırdı.

Britaniyalı hərbi müxbir Skotlənd Lidl 1919-cu ilin sentyabrında Bakı təəssüratlarını belə qələmə almışdı: "Mənə burada xaos olduğunu demişdilər. Lakin heç bir xaos görmədim... Yol boyunca yüzlərlə gənc əsgərlə görüşdük. Artıq Azərbaycan Ordusunun əsgərləri 2 il əvvəl gördüyüm əsgərlər deyildi. Onlar hətta 1 ay əvvəlkindən belə, fərqlənirdi. Azərbaycan Ordusu sürətlə formalaşaraq lazımi səviyyəyə çatıb. Ölkə intizamsız ordunun sağ qalmayacağını anlayıb. Bu gün Azərbaycanda Rusiyada olmayan dəmir intizam hökm sürür".

General-leytenant Cavad bəy Şıxlınski, general Məhəmməd Mirzə Qacar​ kimi​ şəxslər vaxtilə Gəncədə XI Qızıl ordu ilə mübarizəyə rəhbərlik ediblər. Müdafiə naziri olmuş Xosrov bəy Sultanov, daxili işlər naziri vəzifəsini icra etmiş Behbud Cavanşir isə AXC-nin 1-ci və 2-ci hökumətində yer alıblar. Xosrov bəy Sultanov 1919-cu ildə Qarabağın qubernatoru da olub. Rəsmi araşdırmalar göstərir ki, 1920-ci ildə bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusunda xidmət etmiş 12 general, 27 polkovnik və polkovnik-leytenant, 46 kapitan və 266 zabit öldürülüb.

Nəhayət, Azərbaycanın 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə müstəqilliyini bərpa etməsindən sonra özünün Müdafiə Nazirliyini, həmin il oktyabrın 9-da isə Silahlı qüvvələri yaradıb. Azərbaycan prezidentinin 18 sentyabr 1992-ci il tarixli sərəncamı ilə 9 oktyabr Azərbaycan Silahlı Qüvvələri Günü elan edilib. Lakin sonradan prezidentin 22 may 1998-ci il tarixli sərəncamı ilə bu gün iyunun 26-na dəyişdirilib.

Müstəqilliyin ilk illərində Azərbaycan torpaqları yalnız pərakəndə könüllü dəstələri tərəfindən müdafiə olunurdu. Ölkədə fərdi maraqlara xidmət edən müxtəlif silahlı dəstələr də var idi. Bütün bunlara ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtmasından sonra son qoyulub. Silahlı Qüvvələrin Ali Baş Komandanı olan Heydar Əliyev hərbi sahənin dirçəldə bilib. Yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələr ləğv edilib, vahid komandanlıq altında nizami ordu yaradılıb. Həmin dövrdə Ali Baş Komandan döyüş bölgələrinə gedib, hərbçilərlə görüşüb. 1994-cü ilin əvvəlində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat da keçirilib...

Nəhayər, Ermənistanla Azərbaycan arasında 1994-cü il mayın 12-də atəşkəsin elan olunmasından sonra Bakı müasir nizami ordunun formalaşması prosesinə start verib.

Bu gün sabitlik və dinamik iqtisadi inkişafdan əlavə, güclü ordunun qurulması müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son 15 ildə ölkənin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordunun gücləndirilməsinə öz töhfəsini verib. Hərbi sahəyə ayrılan xərclər xeyli artırılıb. Bu da öz növbəsində, ordunun bütün istiqamətlərdə potensialının yüksəlməsilə nəticələnib. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissələri - Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi hissələri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi dövlət başçısının böyük diqqəti və qayğısı nəticəsində yüksək inkişaf mərhələsindədir. Hazırda böyük əhəmiyyətə malik olan hərbi təhsil və hərbi səhiyyə sahəsi də inkişaf edir. Erməni işğalını və davam edən müharibəni nəzərə alan Azərbaycan dövləti hərbi gücünü və hərbçilərin peşəkarlığını davamlı olaraq artırır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev müntəzəm olaraq hərbi hissələri ziyarət edir, döyüş bölgəsində xidmət edən əsgər və zabitlərlə görüşür. Bu, ordumuzu gücləndirən əsas amillərdən biridir.