Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib


Digərləri 27 İyn 2018 15:10:00 247 0

Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib

Qida Təhlükəsizliyi Agentliyi qeydiyyat və dövlət reyestrinin aparılması qaydaları ilə bağlı sahibkarlara müraciət edib.

Bakı. Qida Təhlükəsizliyi Agentliyi qeydiyyat və dövlət reyestrinin aparılması qaydaları ilə bağlı sahibkarlara müraciət edib. Agentlikdən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir: "Hörmətli sahibkarlar! Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq. Agentlik qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərəcək, onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirərək tövsiyələr verəcək. Hazırda bu istiqamətdə sahibkarlarla maarifləndirmə və təbliğat işləri həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi ilkin olaraq üç mərhələni əhatə edəcək. Belə ki, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsal və təsərrüfat müəssisələrinin, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri və satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının aparılması nəzərdə tutulub. Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müracət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək. Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində və Agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçiriləcək.