"Cənub Qaz Dəhlizi gələcəkdə Azərbaycana tranzit ölkə olaraq dividentlər qazandıracaq"


Digərləri 26 İyn 2018 22:43:00 375 0

"Cənub Qaz Dəhlizi gələcəkdə Azərbaycana tranzit ölkə olaraq dividentlər qazandıracaq"

Energetika naziri Pərviz Şahbazov ABŞ-ın Vaşinqton şəhərində keçirilən 27-ci Ümumdünya Qaz Konfransında çıxış edib.

Energetika Nazirliyindən Son.az-a verilən məlumata görə, nazir çıxışında aşağı karbonlu enerji növü kimi təbii qaza tələbatın artması və onun strateji-iqtisadi əhəmiyyətinin güclənməsi ilə əlaqədar olaraq qaz istehsal və ixrac edən ölkələrlə, istehlakçı, tranzit ölkələr arasında münasibətlərdə enerji təhlükəsizliyinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Enerji təhlükəsizliyinin mənbə və marşrutlarla yanaşı, qaz nəqli üsullarının da şaxələnməsini əhatə etdiyini vurğulayan nazir deyib ki, Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və diversifikasiyasının bütün elementlərini özündə birləşdirən layihədir.

Pərviz Şahbazov Cənub Qaz Dəhlizinin Azərbaycan üçün əhəmiyyətini bu layihənin ilk növbədə zəngin qaz ehtiyatlarının mövcud bazarlardan əlavə Avropa bazarına çıxışını təmin etməsi ilə əlaqələndirib: "XXI əsrdə qaz istehsalçısı və ixracatçısına çevrilməyi enerji siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən ölkə kimi Azərbaycan 3500 km-lik boru kəmərləri sistemini və Şahdəniz yatağının ikinci mərhələdə işlənməsi üçün geniş infrastruktur şəbəkəsini yaratmalı oldu. Cənub Qaz Dəhlizi ölkəmizə təkcə tədarükçü kimi deyil, həm də gələcəkdə tranzit ölkə olaraq da dividentlər qazandıracaq bir layihədir".

Çıxışda həmçinin qeyd olunub ki, Cənub Qaz Dəhlizi və onun komponentləri şaxələndirilmiş ümumavropa enerji bazarının yaradılması kimi uzunmüddətli strateji məqsədə cavab verən ilk real layihədir. Cənub Qaz dəhlizi və onun bir hissəsi olan TAP layihəsi Avropanın, Balkanların enerji təchizatına, eləcə də qitənin dekarbonizasiyasına töhfə verəcəkdir. TAP həmçinin gələcəkdə dəhlizin ötürücülük gücünün iki dəfəyədək artırılması hesabına Mərkəzi və Qərbi Avropaya qədər genişləndirilmiş və şaxələndirilmiş enerji təhlükəsizliyi sisteminin formalaşmasında əhəmiyyətli rola malik olacaqdır.

Cənub Qaz Dəhlizini əməkdaşlıq, tərəfdaşlıq, davamlı inkişaf layihəsi kimi dəyərləndirən energetika naziri layihənin icrası prosesinə dəstəyinə görə tərəfdaş ölkələrə, o cümlədən Amerika Birləşmiş Ştatları hökumətinə təşəkkürünü çatdırıb.


Xəbərə aid fotolar