Hərbi parad Azərbaycan Ordusunun hazırkı gücünün göstəricisi oldu


Siyasət 26 İyn 2018 15:51:00 386 0

Hərbi parad Azərbaycan Ordusunun hazırkı gücünün göstəricisi oldu

Dostlar sevindi, düşmənlər qorxuya düşdü

Bugünkü hərbi parad dostlarımıza da, düşmənlərimizə də gücümüzü göstərdi. Dostlar sevindi, düşmənlər isə qorxuya düşdü.

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Azərbaycan Ordusunun 100 iliyinə həsr olunmuş hərbi paradı və parad zamanı Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirləri dəyərləndirərkən bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə hərbi parad keçirilib - VİDEO - FOTO Millət vəkilinin fikrincə, bu gün hər bir azərbaycanlı üçün çox həyəcanlı gündür: "Bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyidir. Vaxtilə müstəqil dövlətimizin müstəqil yaşaması üçün maksimum səviyyədə 23 ay səy göstərmiş ordumuz 20-ci əsrin axırlarında müstəqilliyimizi bərpa etdikdən sonra yenidən formalaşmağa başladı. Ancaq 1993-cü ilə qədər faktiki olaraq bu istiqamətdə hər hansı ciddi iş görülmədi. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda ciddi ordu quruculuğuna başlanıldı. İndi ümummilli liderin uğurlu fəaliyyətini hazırkı prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev davam etdirir. Paraddan əvvəl çıxış edən Prezident İlham Əliyev ordumuzun çətin şəraitdə yarandığını, amma ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda ordu quruculuğunun geniş vüsət aldığını bir daha diqqətə çatdırdı.

Hərbi paradın özü isə Azərbaycan Ordusunun hazırkı vəziyyətinin gözəl göstəricisi oldu. Nümayiş etdirilən müasir silahlar və texnikalar, hərbi təyyarə və helikopetlərin uçuşu, 2016-cı ilin aprelində və bu yaxınlarda Naxçıvanın Günnüt kəndi ətrafındakı əməliyyatlarda iştirak etmiş hərbçilərin parada qatılması Azərbaycanın müstəqilliyinin qarantlarından biri olan çox ciddi dövlət strukturunun - Silahlı Qüvvələrinin uğurla fəaliyyət göstərdiyini bir daha sübut etdi".

Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda iştirak ediblər - VİDEO A.Mirzəzadənin sözlərinə görə, bu gün ordumuzun gücü və peşəkarlığı elə səviyyədədir ki, istənilən an Ermənistanın işğalı altında olan ərazilərimizi azad edə bilmək iqtidarındadır: "Dövlət başçısı, eyni zamanda, ordumuzun öz üzərində düşən vəzifəni uğurla yerinə yetirdiyini, artıq torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ciddi işlər görüldüyünü söylədi. Ordumuzun ən müasirt silahlarla təchiz edildiyini və bundan sonra da ən yeni silahların alınacağını diqqətə çatdırdı. Cənab Prezidentin "Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək" fikri isə Ermənistana və onu müdafiə edən dairələrə çox ciddi xəbərdarlıq idi. Azərbaycan heç bir halda öz müstəqilliyini və ərazi bütövlüyünü müzakirəyə çıxarmaq fikrində deyil. Bu istiqamətdə görülən işlər xalq və cəmiyyət tərəfindən də dəstəklənir. Bu gün hər bir bir azərbaycanlı ordumuzla fəxr edir. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun son qələbələri isə bir daha göstərir ki, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edəcəyi gün uzaqda deyil".

İlkin İzzət Son.az