Azərbaycanın dünyaya və işğalçıya mesajı


Siyasət 26 İyn 2018 15:22:00 279 0

Azərbaycanın dünyaya və işğalçıya mesajı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi bağlı çox möhtəşəm bir hərbi parad keçirildi. Paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışı proqram xarakterli idi.

Son.az bildirir ki, bunu APA-ya açıqlamasında bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi parad və hərbi paradda  Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışına münasibət bildirən millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib.

E. Nəsirov bildirib ki, dövlət başçısı ilk növbədə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının Azərbaycan Ordusunun yaradılması ilə bağlı atdığı mühüm addıma diqqəti cəlb edib: "Ali Baş Komandan qeyd etdi ki, Cümhuriyyət qurucuları 100 il öncə Silahlı Qüvvələrin yaradılması ilə bağlı çox mühüm siyasi qərar qəbul ediblər. Bu gün biz həmin tarixi günün 100 illiyini qeyd edirik. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. Biz 1991-ci ildə dövlət müstəqilliyini etsək də, tam müstəqilliyimiz ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə Azərbaycanda hakimiyyətə qayıdışı ilə başlanıb. Heydər Əliyev ilk növbədə ordu quruculuğu məsələlərinə diqqəti cəlb etdi. Müasir Azərbaycan ordusunun da yaradıcısı məhz ulu öndər Heydər Əliyev oldu. Bu gün Azərbaycan ordusu güclənməkdədir. Prezident çıxışında qeyd etdi ki, dövlət büdcəsinin ən böyük hissəsi məhz bu məqsəd üçün ayrılır. 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfə artıb. Bu gün Azərbaycan ordusu dünyada ən güclü ordular sırasındadır".

Millət vəkili Azərbaycan ordusunun öz gücünü aprel döyüşlərində göstərdiyini vurğulayıb: "Aprel döyüşləri bizim şanlı tariximizdir. Azərbaycan ordusu göstərdi ki, qüdrətli ordudur. Azərbaycan ordusunda çox yüksək hərbi vətənpərvərlik hissi var. Ordumuz aprel döyüşlərindəki qələbəsi ilə Ağdərənin, Füzulinin və Cəbrayılın işğal olunmuş ərazilərində Azərbaycanın üçrəngli bayrağının dalğalanmasını təmin etdi.  Prezident bildirdi ki, o müqəddəs gün gələcək və Azərbaycan bayrağı işğal altındakı Şuşada, Xankəndində dalğalanacaq, işğaldan azad olunmuş ərazilərimizdəki bayraqlarımızı gətirib Azadlıq meydanında dalğalandıracağıq, o gün uzaqda deyil. Eyni zamanda, dövlət başçısı Ermənistan rəhbərliyinə də çox ciddi mesajlar göndərdi. Bir daha qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycanın hüquqi, tarixi, əzəli ərazisidir, bu münaqişə yalnız Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər, başqa həll yolu mümkün deyil. Prezident bir məqama da diqqəti cəlb etdi. Qeyd etdi ki, bu gün beynəlxalq aləmdə güclünün haqlı olması prinsipi işləyir və çox düzgün addım atmışıq ki, ordu quruculuğu məsələlərinə belə diqqət ayırmışıq. Biz güclü olduqca münaqişənin həlli imkanları bir o qədər yaxınlaşır. Dövlət başçısı bundan sonra da ordu quruculuğuna xüsusi diqqət yetiriləcəyini vurğuladı. Prezident ölkəmizdə hərbi sənayenin formalaşdığını, 1200-dən artıq çeşiddə silah və sursatın istehsal olunduğunu nəzərə çatdırdı. O cümlədən, bundan sonra da ordumuz üçün ən müasir silahların alınacağını bəyan etdi. Ali Baş Komandan bu hərbi paradda nümayiş etdirilən ən müasir silahların malik olduğumuz potensialın çox cüzi bir hissəsi olduğunu söylədi. Azərbaycanın daha güclü hərbi potensialı, imkanları var və bunun sayəsində münaqişənin həlli ilə bağlı imkanlarımız genişlənir. Dövlət başçısı vurğuladı ki, bunu qarşı tərəf - Ermənistan və dünya da görsün,  nəticə çıxarsınlar ki, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək lazımdır, hadisələrin fərqli müstəvidə cərəyan etməsinə görə məsuliyyət qarşı tərəfin üzərinə düşəcək".

E. Nəsirov hərbi paradda Azərbaycan hərbi pilotlarının yüksək məharətlərini nümayiş etdirməsinə diqqət çəkib: "Azərbaycan ordusu bütün tapşırıqları yerinə yetirməyə hazırdır. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuzun torpaqlarımızın azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Prezident həmin müqəddəs günün uzaqda olmadığını vurğuladı. Biz fəxr edirik ki, belə güclü, qüdrətli ordumuz var".

Politoloq Qabil Hüseynli deyib ki, hərbi parad möhtəşəm və qürurvericidir: "Bu hərbi parad 2013-ü ildə keçirilən hərbi paradla müqayisədə ordumuzun nə qədər inkişaf etdiyi nümayiş etdirdi. Orduda yeni döyüş əməliyyatları üzrə xüsusi qoşun növləri yaradılıb. Bu sırada xüsusilə raket-artilleriya qoşun növünü qeyd etmək istərdim. Ordunun təchizatının yüksək səviyyədə olduğu göz önündədir. Ən diqqət çəkən məqam Azərbaycan ordusunun döyüş ruhu ilə bağlıdır, döyüş ruhu və hazırlığı ən yüksək səviyyəyə çatıb. Bu ordu ilə qarşıya qoyulan istənilən məqsədə çatmaq, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək mümkündür".

Politoloq ordunun böyük inkişaf yolu keçdiyini vurğulayıb: "Peşəkar hazırlıqlı ordu hissələrinin formalaşdırılması, yeni qoşun növlərinin yaradılması, ordunun atəş gücünün ölçüyəgəlməz dərəcədə artırılması Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün çox işıqlı ümidlər oyadır. Mən hərbi paradda hərbi hissələrin nizami addımlarla hərəkətini, paradın ssenarisini, müxtəlif qoşun növlərinin çox yüksək hazırlığını gördükdə qürur hissi keçirdim. İnsan qəti əmin olur ki, belə bir orduya malik olan ölkə torpaqlarımızın geri qaytarılması və ərazi bütövlüyümüzün bərpasını təmin edə bilər. Hərbi Hava Qüvvələrinin təyyarə və vertolyotlarının nümunəvi çıxışlarını xüsusi qeyd etmək istəyirəm. Xüsusilə qırıcı təyyarələrin çox mürəkkəb nümunəvi tapşırıqlar yerinə yetirməsi göstərir ki, hərbi pilotlarımızın hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Azərbaycan ordusunun havada düşmən ordusu qarşısında əzici üstünlüyü təmin edilir. Bu da ordumuzun üstünlüyünü xeyli artırır. Bu, ordumuzun tarixində çox şanlı səhifələrdən biri olacaq".

Q. Hüseynli dövlət başçısının çıxışını diqqətlə izlədiyini bildirib: "Dövlət başçısının çıxışı ibrətamiz idi. Prezidentin çıxışında qeyd etdiyi kimi, 80-dən çox hərbi şəhərciyin yenidən tikilməsi və təmir edilməsi, orduda məişət işlərinin mülki şəxslərə tapşırılması ordu quruculuğu sahəsində ciddi addımlardan biridir. Nəzərə çatdırım ki, artıq Azərbaycan ordusu dünyada ən güclü ordular arasında 26-cı yerə qalxıb. Ermənistan bu sıralamada heç 70-ci yeri də tuta bilmir. Ordumuzun qarşıya qoyulan bütün hədəfləri yerinə yetirməyə qadir olduğunu söyləyən Ali Baş Komandan ordumuzla qürur duyduğunu vurğuladı. Bildirdi ki, Ermənistan Dağlıq Qarabağ məsələsində qeyri-konstruktiv mövqe tutub, dünyanı çaşdırmağa çalışsa da, biz Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə ciddi addımlar atacağıq və güzəştə getməyəcəyik. Dövlət başçısı belə nikbin danışmağa imkan verən amillər sırasında iqtisadiyyatımızın sürətlə inkişaf etməsini, ölkəmizin dünyaya siyasi və iqtisadi inteqrasiyasını qeyd etdi. Azərbaycan bir tərəfdən dünya ilə qaynayıb qarışır, digər tərəfdən ordu quruculuğu sahəsində böyük yeniliklər etməklə ölkənin təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir. Məncə, bu hərbi parad Azərbaycan cəmiyyətinin yekdilliyini daha da gücləndirəcək. Milli qürurun, milli vətənpərvərlik hisslərinin güclənməsində, cəmiyyətin əhval-ruhiyyəsinin yüksəlməsində çox mühüm rol oynayacaq. Həm də dünyaya Azərbaycanın inkişafını əyani surətdə göstərəcək. Bu gün xalqımız ordumuzun 100 illiyini qeyd etməklə tarixinin çox qürurverici səhifəsini yaşadı".