"Bu olmasaydı, Ərdoğan birinci turda prezident seçilə bilməzdi"


Siyasət 26 İyn 2018 15:45:30 318 0

"Bu olmasaydı, Ərdoğan birinci turda prezident seçilə bilməzdi"

Türkiyədə seçki nəticələri göstərdi ki, sosial media ilə real həyat fərqlidir. Sosial şəbəkələrə görə Ərdoğan elə birinci mərhələdə məğlub olmalı idi, çünki onun əleyhinə yazılan statusların və əsas rəqibinin like-ları daha çox idi və s. Ona görə bizim özümüz də saatlarla sosial şəbəkələrdə maraqlı, hətta fəlsəfi statuslar oxusaq da, ən böyük problem həmin fikirlərə geniş kütlələrin hakim olmamasıdır, "like"lar aldadıcıdır.

Son.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, Türkiyədə seçki bir başqa fəlsəfəni də ortaya qoydu: "Siyasətçi olan şəxs araşdırmalarla, rəy sorğuları ilə işləməyi bacarmalıdır. Məsələn, seçki sonrası bəlli oldu ki, Rəcəb Tayyib Ərdoğanın Dövlət Baxçalı ilə ikili ittifaq formalaşdırması strateji baxımdan doğru və vacib addım idi. Bu olmasaydı, Ərdoğanın birinci turda prezident seçilməsi şansı azala bilərdi. Ancaq Ərdoğan bu qərarı qəfil verməyib, onun müşavirləri siyasi analitiklərə araşdırmalar və rəy sorğuları sifariş verib və nəticələri analiz ediblər. Yekin qərar bu nəticələr əsasında verilib. Dövlət Baxçalının rəhbəri olan MHP də araşdırmalar aparıb və bu qənaətə gəlib ki, partiya üçün ən düzgün yol AKP ilə ittifaqdır".

İlkin İzzət Son.az