Dünya çempionatının ən əcaib baş məşqçisi


İdman 26 İyn 2018 11:10:00 295 0

Dünya çempionatının ən əcaib baş məşqçisi

“Matçlar oyunçuların talantı sayəsində qazanılır. Məncə, məşqçi bəzən oyunçunun istedadını nümayiş etdirməsinə mane olmaqla ona zərər verə bilər. Həmçinin ideal taktiki sistemi tapmağa cəhd edərək, azacıq ağıllı olmaq kimi bir təhlükə mövcuddu, çünki əslində, ideal sistem deyə bir şey yoxdu. Sistem oyunçuları yox, oyunçular sistemi ideal formaya salırlar” – Roberto Martines belə düşünür.

 

Martinesin rəhbərliyi altındakı Belçika dünya çempionatında keçirdiyi ilk iki oyunda toplam 8 qol vurub. Onların hər biri gözəlliyi və ustalıq səviyyəsi ilə seçilir. Tunislə oyunda Azarın topla cərimə meydançasına doğru klassik diaqonal qaçışı qayda pozuntusu ilə nəticələndi və penalti təyin olundu. İkinci qol – sürətli əks-hücum və Lukakunun təkbətək qalmasına gətirib çıxaran eleqant manevri. Üçüncü, dördüncü və beşinci qollarda isə gözəl ötürmələrin əla formada tamamlanmasına şahidlik etdik.

 

Martines həm də deyir ki, onun üzərinə düşən tapşırıq futbolçulara potensiallarını ortaya qoymaları üçün yardım etməkdən ibarətdi. Hələlik o, daha çox Eden Azara kömək edir: zonaları üst-üstə düşməsin deyə, Kevin de Bröyne meydanın mərkəzində oynayır, Mertens və cinah yarımmüdafiəçiləri Azara nisbətdə pressinqdə daha aktivdilər, Lukaku isə tez-tez mərkəzdə onun üçün yer açır. Azar sərbəstliyin kefini çıxarır. Və baş verənlər hamının ürəyincədi. De Bröyne özü deyir ki, komandanın ən önəmli oyunçusu olmaq istəmir, çünki o, bu rolun Azara daha uyğun olduğunu düşünür.

 

Martinesin sistemi idealdır?

 

Təkcə qrup mərhələsindən söhbət gedirsə, hə. Səviyyəcə daha üstün futbolçulara sahib olduğu üçün Belçika Panama və Tunis kimi yığma komandalara qalib gəlmək məcburiyyətində idi. Hətta İngiltərəyə qarşı oynayarkən də böyük çətinliklərlə üzləşməyə bilərlər. Demək olar ki, hər belçikalı futbolçu öz mövqeyindəki ingilisdən güclüdür.

 

De Bröynenin meydanın mərkəzində topu rahat şəkildə qəbul etməsinə imkan verir, Azarı isə öndə qərarlaşan müdafiə xətti ilə qarşılayırsansa, o zaman birinci asanlıqla ötürməsini verəcək, ikinci isə boşluğa açılıb, qolunu vuracaq. Cərimə meydançasına doğru göndərilən ötürmələrə mütəmadi olaraq özünü çatdırmayan rəqibi isə qoldan yalnız bərbad "finiş" və Mişi Batşuayinin şanssızlığı (o da maksimum dördüncü cəhdə qədər) xilas edə bilər. Tunislə oyunda Belçika millisinin 5 müxtəlif üzvü cərimə meydançasına doğru 6 ötürmə göndərib. Bu isə rəqib müdafiə üzərində aşkar hökmranlıq deməkdir.

 

Belçika millisinin ən yaxşı oyunçuları meydanda bu qədər sərbəstlik qazanmağa davam etdikcə qələbələrin də ardı gələcək. Çünki Martinesin sistemi onları məhdudlaşdırmır, əksinə cəsarətləndirir.

 

Martines buralara necə gəlib?

 

1995-ci ildə Martines iki ispaniyalı oyunçu ilə birlikdə o zaman İngiltərə üçüncü divizionunda çıxış edən “Uiqan”a keçdi. Onun xatirələrinə görə, saat 5-də artıq hava qaralırmış və şəhərdə heç kim “jamon” və “espresso” sözlərinin mənasını bilmirdi. Həmin ispanlardan biri çox keçmədən oranı tərk edib, Martines isə halından məmnun imiş. O, ənənəvi texniki futbolunu oynamaq şansı qazandığı üçün həvəsli idi. “İngiltərənin aşağı divizionlarında tərzimi dəyişmədən ayaqda qala bilmişdim. Məhz bu səbəbdən məşqçi olmaq istəyirdim” – deyir Martines.

 

Martinesin heç vaxt limitləri olmayıb. O, “Uiqan”dan sonra Şotlandiyaya üz tutur, orda 6 il oynayır və bir yerli xanımla ailə həyatı qurur. “Uiqan”ın baş məşqçisi olanda isə artıq İngiltərə Premyer Liqasının ən beynəlmiləl komandalarından birinə sahib idi. Robert Belçika millisini təsvir edərkən də bu mövzuya toxunur: “Komandada flamanların və vallonların olması xoşuma gəlir. Həqiqətən də, onların mentalitetləri bir-birindən fərqlənir. Nəticədə hər düşüncə tərzinin yaxşı tərəflərindən istifadə edirəm”.

 

Komandada daha da beynəlmiləl mühit yaratmaq üçün Martines Tyerri Anrini köməkçisi təyin edib. Alderveyreld və de Bröyne fransızın təcrübəsindən yararlandıqlarını deyirlər. Anri tez-tez yığmada qazandığı kuboklar barədə hekayələrini futbolçularla bölüşərək, onlara motivasiya verir.

 

Qaydasında getməyən bir şeylər varmı?

 

Eyni şeylər Martinesin “Uiqan”ına da aid idi. Komanda boyundan yuxarı tullanıb, Federasiya kubokunu qazansa da, müntəzəm olaraq ciddi rəqiblərlə başa-baş rəqabət apara bilmirdi. İndiki Belçika da hələlik ciddi oyunlarda sınaqdan keçirilməyib. Hətta onların bəzi problemləri Tunislə oyunda ortaya çıxdı.

 

Məsələn, Belçika cinah asmalarında problemlər yaşayır, xüsusilə də ötürmələr müdafiəçilərin arxasına düşəndə. Vitsel və de Bröyne özlərini həmişə həmin zonaya çatdıra bilmirlər. Birinci hissədə Tunis bu tip ötürmələr nəticəsində iki dəfə epizod yaratdı, sonda isə qol vurdu. Həmçinin Belçikanın müdafiəçiləri standart vəziyyətlərin qarşısını alarkən də özlərindən əmin görünmürlər. Sadəcə, Fellayninin meydana çıxmasından sonra bu mənada təhlükə ortadan qalxır. Martines standart vəziyyətlər üzərində baş sındırmağı mənasız hesab edir. O, hətta oyunun gözəlliyi nöqteyi-nəzərdən düşünür ki, oyun vəziyyətindən vurulan qol qoldu, standart nəticəsində vurulan isə yarımçıq-qol. O zaman onun versiyasına görə, Tunislə oynanılan matç 5:1 hesabı ilə yekunlaşıb.

 

Tibo Kurtua topu oyuna daxil edərkən problemlər yaşayır; kimə ötürmə verəcəyi barədə uzun müddət düşünür, bəzən iki toxunuşdan artığından istifadə edir (pressinq zamanı bu, təhlükə yaradır), orta məsafəyə ötürmələri dəqiq deyil. Boyata birə-bir mübarizələrdə yaxşıdı, ancaq topla rəftar baxımından Vertongen və Alderveyreldən geri qalır. Karrasko isə Mönyedən fərqli olaraq, tez-tez özünü müdafiəyə çatdıra bilmir.

 

Panama və Tunislə oyunları nəzərə alsaq, problemlərin yoluna qoyulmasına dair işartıları görmədik. Ancaq Martinesin klub səviyyəsindəki işindən bildiyimiz kimi, o, çatışmazlıqları həll etmək əvəzinə, onları güclü tərəflərlə kompensasiya edir. Hazırda Belçika dünya çempionatının favoritlərindən biri kimi görünür. Ancaq pley-offda ciddi rəqiblərdən biri ilə üzləşsələr, Martinesin gedişata müdaxilə etməməsi yaxşı nəticələnməyə bilər.

 

Müəllif: İvan Kalaşnikov (Sports.ru)
Tərcümə: Apasport.az