Əcnəbi vətəndaşa qarşı quldurluq edən qızların şikayəti RƏDD EDİLDİ


Digərləri 26 İyn 2018 10:36:00 267 0

Əcnəbi vətəndaşa qarşı quldurluq edən qızların şikayəti RƏDD EDİLDİ

İraq vətəndaşına qarşı quldurluqda təqsirləndirilən Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov, Kamran Vahabov, Elvira Ələsgərova və Çinarə Bəhlulzadənin barələrindəki birinci instansiya məhkəməsinin hökmündən verdikləri şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.   Hakimlər kollegiyasının qərarına əsasən təqsirləndirilən şəxslərin şikayəti təmin olunmayıb. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.    Qeyd edək ki, quldurluq hadisəsi bu il yanvarın 13-də Bakıda baş verib. Belə ki, Bakıda universitetlərdən birində təhsil alan İraq Respublikasının vətəndaşı Biyar Cumaah Shaikani internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb. Daha sonra tərəflər arasında narazılıq yaranıb və C. Biyar küçəyə çıxıb. Küçədə isə qızlar köməyə çağırdıqları Anar Kərimov və digərləri ilə birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar.   Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Zəngilan rayon sakini Ç. Bəhlulzadə, Bakı şəhər sakinləri - A. Kərimov, E. Ələsgərova, F. Abdullayev, N. Məmmədov və K. Vahabov tutulub. Daha sonra onların barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunur.    Bakı Ağır Cinayətlər məhkəməsinin hökmünə əsasən Anar Kərimov və Fəqan Abdullayev 11 il, Nurlan Məmmədov və Kamran Vahabov 9 il, Elvira Ələsgərova və Çinarə Bəhlulzadə 4 il müddətinə azadlıqdan məhrum edilib.