UNEC-də “Ayın məzunu” layihəsi davam edir


Digərləri 26 İyn 2018 08:38:43 268 0

UNEC-də “Ayın məzunu” layihəsi davam edir

UNEC News iyun ayının məzununu təqdim edir.

Bakı. UNEC-də “Ayın məzunu” layihəsi davam edir. Layihə çərçivəsində hər ay bir UNEC məzununu tanıyacaq, onun uğur hekayəsini oxuyacaqsınız. UNEC News iyun ayının məzununu təqdim edir. Anar Cəbrayıllı 1974-cü il oktyabrın 29-da Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki UNEC) Maliyyə-kredit fakültəsinə daxil olub, 1997-ci ilə universiteti fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildə iqtisadi nəzəriyyə ixtisası üzrə aspiranturaya qəbul olub. Həmin ildən yazılı mətbuatda iqtisadçı jurnalist kimi fəaliyyətə başlayıb. 10 ilə yaxın ANS televiziyasında “İqtisadi xəbərlər” proqramının aparıcısı olub. Hazırda “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisidir. İqtisadçı jurnalist öz uğur hekayəsini UNEC tələbələri ilə bölüşür: Orta məktəbdə fizika və riyaziyyat istiqaməti üzrə hazırlaşırdım, Neft-kimya, ya da İnşaat Mühəndisləri İnstitutuna sənəd verməyi planlaşdırırdım. Qismət elə gətirdi ki, 1992-ci il orta məktəbi bitirdiyimdə universitetlərə qəbulda test üsulu tətbiq olundu. Mən də sənədlərimi Azərbaycan Dövlət İqtisad İnstitutuna verdim və Maliyyə-kredit fakültəsinin siyasi-iqtisad ixtisasına qəbul oldum. Karyerama jurnalist kimi başlayacağımı ağlıma belə gətirməzdim. Amma nə etməli idim, iş tapmaq olduqca çətin idi. 1998-ci ildə “Avrasiya” qəzetində iqtisadiyyat yazarı kimi işə başladım. İqtisadi biliklərim bu sahədən yazmaqda mənə əlavə üstünlük yaradırdı. Çünki jurnalisitika fakültəsində və yaxud başqa ixtisas üzrə təhsil alanlar iqtisadiyyatdan yazmaqda çətinlik çəkirdlər. Sonradan 10 ilə yaxın televiziyada çalışdım, burada da iqtisadi biliklərimindən istifadə etməklə daha yaxşı nəticələr qazandım. Bir haşiyə çıxım, 2000-ci illərin əvvəllərində informasiyalara çıxış indiki kimi əlçatan deyildi. O, vaxtlar tələbələr ən çox bizim iqtisadiyyat xəbərlərinin məlumatlarından istifadə edirdilər. İndi “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıram. İşimiz çoxşahəlidir. Mətbuat katibi təkcə KİV-lə əlaqələrə cavabdehdirmi? Məncə yox, mətbuat katibi işlədiyi qurumun kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti ilə əlaqələrinin tənzimlənməsinə, təmsil etdiyi qurumun fəaliyyəti haqqında ictimai rəyin formalaşmasına birbaşa məsul olan şəxsdir. Bəzən sual verirlər ki, jurnailstikada işin ağır idi, yoxsa burada. Birmənalı deyirəm ki, burada. İşlərimiz çoxdur, bəlkə də bu kommunal sahə ilə bağlıdır. Bu gün hamının evində su varsa, deməli, bizimlə bağlı problemi də olacaq və onun çözülməsi üçün bizə müraciət edəcəklər.