Mətbəx turizminin inkişafı üçün nələr edilməlidir?


Digərləri 25 İyn 2018 23:50:00 314 0

Mətbəx turizminin inkişafı üçün nələr edilməlidir?

Ekspertlər bu vasitə ilə ölkəyə daha çox turist cəlb etmək imkanının olduğunu deyirlər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Son illər ərzində ölkəmizdə turizm qeyri-neft sektorunun ən çox inkişaf edən sahələrindən birinə çevrilib. Bu sahəyə göstərilən diqqət və qayğı da günü-gündən artmaqdadır. Bu mənada qanunvericiliyə müxtəlif dəyişikliklər edilir və turizmin inkişafı üçün yeni təkliflər irəli sürülür. Onlardan biri də Azərbaycanda mətbəx turizm növünün yeni formada inkişaf etdirilməsi ilə bağlıdır. Belə ki,  Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, Azərbaycanda mətbəx turizmi inkişaf etsə də, onu turistlərin maraq dairəsinə uyğun formada daha da genişləndirmək olar. M.Ağakərimov təklif edir ki, turizm şirkətləri bununla bağlı xüsusi proqramlar hazırlamalıdırlar. Bu proqramlardan biri turistlərin restoranlarda özü üçün yemək hazırlanma prosesində iştirak etməkdir: "Ölkəmizə gələn turist sanitar-gigiyenik qaydalara əməl etməklə ya özünün resepti, ya da aşpazın köməyi ilə müxtəlif yeməklər hazırlaya bilər. Belə proqram turistlərin çoxunun xoşuna gələcək və ölkəmizə daha çox turistin gəlməsinə kömək edəcək".   Turizm üzrə ekspert Eldar Aslanovdeyir ki, əslində bu yeni bir mövzu deyil: "Hələ Mədəniyyət və Turizm Nazirliyinin vaxtında Ümumdünya Turizm Təşkilatı ilə birgə ölkəmizdə mətbəx turizmi ilə bağlı konfrans keçirildi. Turizmin bu növü dünyada geniş yayılmış və inkişaf etmiş sahələrindəndir. Belə ki, ölkələr, şəhərlər, icmalar, öz mətbəx nailiyyətlərini müxtəlif turlar vasitəsi ilə turistlərə təqdim edirlər. Mətbəx turizminə mətbəxin müxtəlif elementləri daxil olur. Müxtəlif növ təamlar, içkilər festival şəklində turistlərə təqdim olunur. Bəzi ölkələrdə mətbəx turizmi ayrıca turlar şəklində həyata keçirilir. Əslində, mətbəx turizmi etnoqrafik turizmin və mədəni turizmin bir qolu hesab oluna bilər. Bu baxımdan, ölkəmizin böyük potensialı olduğunu düşünürəm. Azərbaycanda hər bir bölgənin özünəməxsus mətbəxi və təamları var. Həmçinin, ölkəmizin zəngin flora və faunası mövcuddur. Ağız dadımız turistlər üçün çox fərqli və rəngarəng hesab olunur. Qədim mədəniyyətlərdən bu günümüzə qədər gəlib çıxan xeyli nümunələr var. Məsələn, xristianlıq, atəşpərəstlik, islam dinlərinin müxtəlif mətbəx nümunələrini misal çəkmək olar. Bu nümunələrə əsasən də Azərbaycanın ayrı-ayrı regionlarına müxtəlif turlar təşkil edilə bilər. Milli yeməklərimizin elə növləri var ki, onlarla adda və çeşiddə hazırlanır. Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası bu istiqamətdə işlər görüb. İnsanların maarifləndirilməsi məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilib. Hesab edirəm ki, bu istiqamət regionların turizm potensialının gücləndirilməsi baxımından vacib məqamdır. Bu ideyanın dəstəklənməsi turizmin inkişafında yeni istiqamət ola bilər".