Bilik Fondu Azərbaycan Ordusunun 100 illiyinə silsilə tədbirlər həsr edib (FOTO)


Digərləri 25 İyn 2018 19:22:00 515 0

Bilik Fondu Azərbaycan Ordusunun 100 illiyinə silsilə tədbirlər həsr edib (FOTO)

Ordunun qüdrətinin təbliğatı və təşviqatı istiqamətində silsilə tədbirlər keçirilir.

Bakı. Müstəqil Azərbaycan Ordusunun yaradılması, möhkəmləndirilməsi və məsuliyyətli vəzifələri icra etməyə qadir olan real qüvvəyə çevrilməsi 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğunun çox mühüm tarixi nəticələrindən biridir. Hökumət bu sahəyə xüsusi diqqət yetirir, müsbət nəticələrin əldə edilməsi üçün böyük qətiyyət, əzm və təşəbbüs göstərirdi. Ona görə də çar Rusiyası ordusunda şərəfli xidmət yolu keçmiş tam artilleriya generalı Səməd bəy Mehmandarov və general-leytenant Əliağa Şıx­linski ordu quruculuğu işinə cəlb olunurlar. Bununla da Azərbaycan Xalq Cüm­hu­riyyəti Milli Ordusunun uğurlu təşkili üçün çox səmərəli bir addım atılmış olur. S.Mehmandarov 1918-ci il dekabrın 23-də imzaladığı əmrində tələb edirdi ki, ordu sıralarında xidmət keçən hər bir hərbi qulluqçu Azərbaycan Xalq Cümhuriyyətinə sədaqət andı içsin. İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti ilə yaşıd olan Milli Ordu ölkənin müstəqilliyində müstəsna rola malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamın işığında müxtəlif dövlət qurumlarının, ictimai təşkilatların keçirdiyi silsilə tədbirlər həm də Ordunun yaranması, inkişafı, keçdiyi döyüş yoluna həsr olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ordunun 100 illiyi münasibəti ilə müxtəlif məzmunlu maarifləndirici tədbirlər təşkil edir. Fonddan Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Daxili İşlər Nazirliyi daxili Qoşunları və Bilik Fondunun birgə təşkilatçılığı ilə ordunun qüdrətinin təbliğatı və təşviqatı istiqamətində silsilə tədbirlər keçirilir. “Ordum varsa, yurdum var” şüarı ilə hazırlanan tədbirlərdə bu sahənin biliciləri olan alimlər mühazirələrlə çıxış edir, əsgər və zabitlərimiz şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızla görüşürlər, Qarabağ müharibəsinə həsr olunan filmlər göstərilir, vətənpərvər ruhlu kitabların təqdimatları təşkil olunur.