YARAT dünyaca məşhur Şilpa Quptanın "Mən bu lisanə sığmazam 100 məhkum şair" fərdi sərgisini təqdim edir


Kriminal 25 İyn 2018 18:35:00 319 0

YARAT dünyaca məşhur Şilpa Quptanın "Mən bu lisanə sığmazam  100 məhkum şair" fərdi sərgisini təqdim edir

YARAT Müasir İncəsənət Məkanı tanınmış, beynəlxalq səviyyəli Hindistan rəssamı Şilpa Quptanın fərdi sərgisini təqdim edir.

Son.az bildirir ki, Trend-in məlumatına görə, iyulun 7-də açılacaq sərginin ilham mənbəyini və mərkəzi hissəsini əsrlər boyu yaradıcılığına və siyasi baxışlarına görə həbslərə məruz qalmış 100 şairə ithaf edilən, yeni və genişmiqyaslı çoxkanallı səs instalyasiyası təşkil edir. Bu instalyasiya, sərgidə nümayiş etdirilən digər yeni rəsm və heykəltəraşlıq nümunələri ilə yanaşı, bu gün insanların söz və ifadə azadlığının zəifliyi və təsirlərə məruz qalması problemlərini ön plana çəkir.

Sərgi məkanının bütövlükdə birinci mərtəbəsini əhatə edən 100 ədəd mikrofon 100 metal mil üzərindən asılıb. Millərin hər birinə, müxtəlif şeir parçalarının əks olunduğu səhifə keçirilib. Öz növbəsində ayrıca asılmış mikrofon bu şeirləri oxuyur və yerdə qalan digər 99 mikrofon onu xorla əks-səda etdirir. 1 saatdan çox davam edən bu səs əsəri ingilis, ispan, ərəb, rus, Azərbaycan və Hind dillərində səslənir. Səslərin xoru məkan boyunca yayılır və bununla da yaddaşa hopan bu sədaların arasıkəsilməz ardıcıllığını formalaşdırır. İnstalyasiyanın adı, "Mən bu lisanə sığmazam - 100 məhkum şair" ("For, in your tongue I cannot fit - 100 Jailed Poets") XIV əsrin sonu XV əsrin əvvəllərində yaşamış dahi Azərbaycan şairi Nəsiminin məşhur şeirindən götürülüb.

Bu yeni, möhtəşəm əsər ilə yanaşı, şairlərin həyatını əks etdirən silsilə rəsmlər və obyektlər, o cümlədən metaldan hazırlanmış ağız boşluğu heykəli, kağız üzərində itkin düşmüş şəxsin bədəninin ətrafında tikanlardan və çəkilmiş izlərdən ibarət rəsm əsəri də yer alıb. Dərin ziddiyyət, bağlılığın ifadəsi haqqında hekayələrdən bəhs edən əsərlər, şairlərin təxəyyülünü və fiziki mütərəddidliyini idarə etməyə və məhdudlaşdırmağa çalışan siyasi və sosial qadağaları araşdırır.

Ekspozisiya ərazisində tavandan adətən tranzit zonalarda (hava limanları və s.), nəqliyyat şəbəkələrində rast gəldiyimiz, hərəkət cədvəllərini və qrafikləri bildirmək üçün istifadə edilən informasiya tablosu asılıb. Rəssam tablonun nəzərdə tutulan funksiyasını yaradıcılığında tətbiq edib və məlumat mətnini şeirlə əvəz edib. Şeirdə gəlmə-getmə prosesləri, insanların və ideyaların hərəkəti təsvir olunur. Bölünən lövhəli displey çevrildikcə, yeni sözlər və proza görünür və zaman-məkan boyunca identikliyi necə anladığımızı, necə təyin etməyimizi sual altına qoymağa, aktual və çağdaş düşüncələrə dalmağa vadar edir.

Xüsusi olaraq bu sərgi üçün, rəssam öz "Görmürəm, eşitmirəm, danışmıram" ("Don't See Don't Hear Don't Speak", 2006) fotoqrafik silsiləsinə yenidən qayıdaraq - üç oxşar insan bir-birlərini əhatəyə alıb və bir-birlərinin gözlərini, qulaqlarını və ağzını yuman heykəl yaradıb. Mahatma Qandi tərəfindən məşhurlaşdırılan yapon deyimindən ilhamlanan bu əsər, bizim hal-hazırda dəyişən siyasi landşaftımızı və yaxın dövrün separatizm dalğası kontekstindən qaynaqlanmaqla, rəssamın öz doğma vətənində yer alan şər qüvvələrə, insanların adətən öz baxışlarına görə məruz qaldığı basqılara istinad edir. Sərgidəki digər əsərlər ilə aktiv dialoq yaradan bu heykəl, ifadə azadlığının çox güclü inikasını təqdim edir. Rəssam öz əsəri haqqında bunları deyir: "Həqiqət səsləri zaman-zaman narahatlığa səbəb olub və elə bu gün də bu səslər kəsilir, batırılır... Amma, həmin səslərin əks-sədaları qalır və eşidilməkdə davam edir".

Şilpa Quptanın səs instalyasiyası YARAT Müasir İncəsənət Məkanı və Edinburq İncəsənət Festivalı tərəfindən birgə sifariş edilib.

Sərginin kuratoru - Björn Geldhof

Rəssam haqqında

Şilpa Qupta (d.1976, Mumbay, Hindistan) Mumbay şəhərində yaşayır və fəaliyyət göstərir. 1997-ci ildə Ser Camsetci Cicebhoy adına İncəsənət Məktəbini (Sir J. J. School of Fine Arts) bakalavr dərəcəsi ilə bitirib. Quptanın əsərləri dünyanın bir çox yerlərində, o cümlədən Venesiya Biennalesi, Berlin Biennalesi, Tate Modern qalereyasında (London), Pompidu Mərkəzində (Paris), Solomon R. Quqenhaym Muzeyi (Nyu-York), Devi Art Fondu (Qurqaon), San-Fransisko Müasir İncəsənət Muzeyi və Mori Muzeyində (Tokio) nümayiş etdirilib.

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (Azərbaycan dilində "yaratmaq" mənasını bildirir) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı öz üzərində uzunmüddətli öhdəlik götürüb.