Bəhruz Quliyev: "Türkiyə xalqı Ərdoğan siyasətinin uğurlu davamına səs verdi"


Siyasət 25 İyn 2018 17:36:00 418 0

Bəhruz Quliyev: "Türkiyə xalqı Ərdoğan siyasətinin uğurlu davamına səs verdi"

Rəcəb Tayyib Ərdoğanın və partiyasının qələbəsi Türkiyənin istər regionda, istərsə də beynəlxalq aləmdə apardığı çoxşaxəli və uğurlu siyasətin davam etdiriləcəyindən xəbər verir.

Son.az xəbər verir ki, bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev ötən gün qardaş ölkədə keçirilən seçkilərin nəticələrinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, R.T.Ərdoğanın və Ədalət və İnkişaf Partiyasının (AKP) qələbəsi əslində gözlənilən idi və bu, ilk növbədə, Türkiyə xalqının seçim iradəsinin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər:

"Ona görə də seçkilərin real nəticələrini kifayət qədər təbii qarşılamaq lazımdır. Artıq qardaş ölkənin bütün bölgələrində əldə edilən qələbə milyonlarla insan tərəfindən qeyd olunmaqdadır. Türkiyə xalqı ölkənin dövlətçilik maraqlarının möhkəmləndirilməsinə, bunun davamlı olmasına səs verdi. Çünki Rəcəb Tayyib Ərdoğan tərəfindən illər öncə başladılmış elə qlobal işlər var ki, onların hər birindən nəticə almaq lazımdır. Seçicilərin nəhəng qismi bunu anlayır və dərk edirdi, ona görə də bu seçkilərdə qətiyyətini ortaya qoyaraq səsini AKP-yə və Ərdoğana verdi".

Türkiyə ilə Azərbaycan arasında münasibətlərə də toxunan B.Quliyev bildirib ki, bu münasibətlər hər zaman yüksək səviyyədə olub:

"Əlbəttə ki, Ərdoğanın qələbəsi mövcud münasibətlərin inkişafına, tərəqqisinə və daha yüksək səviyyəyə qədər təkmilləşməsinə münbit zəmin yaradır. Çünki istər iqtisadi, istər hərbi, istər təhlükəsizlik, istərsə də digər faktorlar baxımından iki qardaş dövlətin münasibətləri hər zaman isti olub. Hətta deyərdim ki, müxtəlif layihələr kontekstindən yanaşsaq, Türkiyəni Azərbaycansız, Azərbaycanı isə Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Bu münasibətlər digər bir çox dövlətlərə nümunə ola bilər. Ümumiyyətlə, Türkiyə dövləti bu seçkilərdən sonra istər daxili, istərsə də xarici siyasətində qlobal miqyasda siyasi-iqtisadi proseslərə təsir etmək imkanını daha da artıracaq. Söz yox ki, qardaş ölkənin uğurları Azərbaycandan da təsirsiz ötüşməyəcək. Belə ki, regionda bir-birini tamamlayan müştərək siyasətdə əldə edilən hər bir nailiyyət iki qardaş dövlət üçün səmərələr verməkdə davam edəcək. Bu baxımdan Türkiyədə keçirilmiş seçkilərin nəticələri və hakim partiyanın, eləcə də Rəcəb Tayyib Ərdoğanın qələbəsi yaxın gələcəkdə daha böyük uğurların əldə edilməsinə açılan yeni, mütərəqqi bir yoldur".

Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.

Parlament seçkilərində isə "Cümhur İttifaqı" bloku səslərin 53,65%, CHP, Səadət Partiyası və "İyi Parti"nin iştirak etdiyi "Millət İttifaqı" 33,96%, HDP 11,69%, digər partiyalar isə 0,07%-ni toplayıb.

Beləliklə, Ədalət və İnkişaf Partiyası parlamentdə 295, MHP 48, CHP 147, İyi Parti 43, HDP isə 67 deputatla təmsil olunacaq.