Vüqar Rəhimzadə: Ərdoğanın növbəti dəfə prezident seçilməsi Azərbaycan-Türkiyə strateji münasibətlərini daha da möhkəmləndirəcək


Digərləri 25 İyn 2018 15:49:33 202 0

Vüqar Rəhimzadə: Ərdoğanın növbəti dəfə prezident seçilməsi Azərbaycan-Türkiyə strateji münasibətlərini daha da möhkəmləndirəcək

Ərdoğanın növbəti dəfə prezident seçilməsi Azərbaycan-Türkiyə strateji münasibətlərini daha da möhkəmləndirəcək.

Bakı. "Ötən gün Türkiyə tarixində kifayət qədər mühüm hadisə baş verdi. Qardaş ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildi və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası seçicilərin etimadını qazandı. Beləliklə, seçicilər səs çoxluğu ilə prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərdilər. Bununla da qardaş türk xalqı öz tarixi seçimini edərək güclü Türkiyənin daha parlaq gələcəyini təmin etdi”. Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. V.Rəhimzadə qeyd edib ki, bu gün Türkiyə regionda və dünya miqyasında mühüm əhəmiyyətə malik dövlətdir: “Türkiyə kifayət qədər mürəkkəb geosiyasi coğrafiyada yerləşir. Xüsusilə Yaxış Şərqdə baş verən hadisələr bunu deməyə əsas verir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu region böyük “güclər”in maraqlarının toqquşduğu ən qaynar nöqtələrdən biridir. Etiraf etmək lazımdır ki, bu qüvvələrə də güclü Türkiyənin varlığı sərf etmir. Onlar hər vasitə ilə qardaş ölkəni münaqişələrin mərkəzinə çəkməyə, dolayısilə onu zəiflətməyə çalışırlar. Ancaq unudurlar ki, bu, mümkün deyil. Güclü, qüdrətli Türkiyə hər zaman var olub və olacaq, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət müstəqilliyini daha da möhkəmləndirəcək, böyük zəfərlər qazanacaq.”