“AzerGold” QSC yeni texnologiyaları nəzərdən keçirir (FOTO)


Digərləri 25 İyn 2018 12:27:00 299 0

“AzerGold” QSC yeni texnologiyaları nəzərdən keçirir (FOTO)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) nümayəndə heyətinin Qazaxıstan Respublikasına işgüzar səfəri 23 iyunda başa çatıb.

Bakı. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) nümayəndə heyətinin Qazaxıstan Respublikasına işgüzar səfəri 23 iyunda başa çatıb. “AzerGold” QSC-dən Trend-ə verilən məlumata görə, İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti 20-22 iyun tarixlərində Şərqi Qazaxıstanda yerləşən mədən və metallurgiya zavodlarları ilə tanış olub. “Kazzinc” şirkətinin rəhbərliyi ilə Ust-Kameneqorsk şəhərində təşkil olunan görüşdə kadr hazırlığı, layihələrin idarə olunması, təcrübə mübadiləsinin aparılması və əməkdaşlıq haqqında memorandumun imzalanması perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Daha sonra nümayəndə heyəti metallurgiya kompleksi, o cümlədən sink saflaşdırma, qurğuşunəritmə və misəritmə zavodlarının iqtisadi imkanları, istehsalat gücü və logistik fəaliyyəti haqqında ətraflı məlumat əldə edib. Ridder şəhərinə təşkil olunan səfər çərçivəsində QSC-nin nümayəndələri “Kazzinc” şirkətinə məxsus Ridder metallurgiya kompleksində sink konsentratının emalı və qaynayan qatda bişirmə texnologiyası, Ridder Dolinnı mədənində möhkəmləndirmə olmadan mədən çıxarma üsulu, Tişinski və Sokolnıy mədənlərində isə dağ-mədən işlərində relssiz maşından istifadə edilməsi və horizontlar üzrə yeraltı mədən çıxarma üsulu ətrafında geniş fikir mübadiləsi aparıb.