DİN: 5 tona yaxın çətənə kolları məhv edilib


Digərləri 25 İyn 2018 11:59:00 231 0

DİN: 5 tona yaxın çətənə kolları məhv edilib

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

Bakı. Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir. DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 23-24-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 8,7 kiloqrama yaxın narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb, həmçinin yabanı halda bitmiş, çəkisi 5 tona yaxın 10 min ədədə qədər çətənə kolları məhv edilib. Belə ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunun Yeni Həyat kənd sakini Qabil Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 57 ədəd çətənə kolu, evindən isə 5 kiloqram 520 qram marixuana və 67 ədəd çətənə toxumu, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Səpnəkəran kənd sakini Xanlar Mehdiyevə məxsus torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 29 ədəd çətənə kolu və çəkisi 2 kiloqram 715 qram olan marixuana götürülüb.