Azərbaycan dənizçiləri peşə bayramlarını qeyd edirlər


İqtisadiyyat 25 İyn 2018 10:48:37 289 0

Azərbaycan dənizçiləri peşə bayramlarını qeyd edirlər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yaranmasının 160 ili tamam olur

Bu gün Azəbaycan dənizçiləri öz peşə bayramını qeyd edirlər.

“Report” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin 19 yununda imzaladığı sərəncamla “Dənizçi günü” peşə bayramı təsis edilib.

Bu il həm də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yaranmasının 160 ili tamam olur.

Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. 1866-cı ildə isə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin Bakıda mexaniki zavodunun bünövrəsi qoyulur. İnkişaf etməkdə olan donanmanın kadrlara tələbatını ödəmək məqsədilə 1881-ci ildə Bakı dənizçilik sinifləri təşkil edilir.

Sonrakı illərdə gəmiçiliyin donanması ölkədə və xaricdə inşa edilmiş yeni tipli gəmilərlə zənginləşir. Xəzər dənizçilərinin ixtiyarına “çay-dəniz” tipli tankerlər, pambıq, taxta-şalban və s. daşıyan gəmilər verilir. 1962-ci ildə Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış Elmi-Tədqiqat İnstitutu mütəxəssislərinin layihəsi əsasında o dövr üçün Avropada ən böyük Bakı – Türkmənbaşı gəmi-bərə keçidi işə salınır.

1960-cı ildən etibarən Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Volqa - Balt kanalı vasitəsilə dünya sularına çıxmağa başlayır.

Xəzər Dəniz Neft Donanmasının da 60 ildən artıq bir dövrü əhatə edən tarixi şanlı səhifələrlə zəngindir. SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli “Xəzərdə dəniz neft istehsalının inkişafı haqqında” sərəncamı ilə “Azərneft” birliyi, onun tərkibində isə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə “Üzən vasitələr” idarəsi yaradılır. Xəzər Dəniz Neft Donanmasının inkişafı məhz bu tarixdən başlanır. Həmin dövrdə “Artyomneft” və “Stalinneft” dəniz qazma trestlərinin üzmə vasitələri yeni yaradılmış idarənin tərkibinə keçirilir. Bunlar əsas etibarilə “Transportnik”, “Qəbələ”, “BMK-90” tipli kiçik həcmli katerlər, özühərəkətetməyən 20 tonluq üzən kranlar və barjlar idi. SSRİ Neft Sənayesi Nazirliyinin 22 yanvar 1953-cü il tarixli əmri ilə “Üzən vasitələr” idarəsi “Xəzərdənizneftdonanma” idarəsinə çevrilir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.

Nəqliyyat donanmamızın tərkibində 51 gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, eləcə də 1 texniki gəmi və 1 üzən emalatxana vardır. İxtisaslaşdırılmış donanma isə 210 gəmidən, o cümlədən 20 kran, 25 təchizat-yedək, 26 sərnişin, 2 borudüzən, 6 yanğınsöndürən, 7 mühəndis-geoloji, 2 dalğıc, 88 xidməti və köməkçi gəmidən ibarətdir.

Hazırda AXDG-nin beynəlxalq sularda 13 gəmisi üzür.

Azərbaycan prezidentinin ötən gün imzaladığı sərəncamla dəniz nəqliyyatında səmərəli əmək fəaliyyətlərinə görə Gəmiçiliyin 4 işçisinin üçüncü dərəcəli “Əmək ordeni”, 12 nəfərin “Tərəqqi” medalı ilə təltif edilməsi, 1 nəfərin “Əməkdar mühəndis” fəxri adına, 1 nəfərin isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.