Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi Pakistanda qeyd olunub FOTO


Digərləri 25 İyn 2018 08:25:00 285 0

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi Pakistanda qeyd olunub  FOTO

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində təntənəli qeyd olunub.

Azərbaycanın Pakistandakı səfirliyindən Son.az-a verilən məlumata əsasən, İslamabad şəhərinin Serena mehmanxanasında təşkil olunmuş və Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı Aviasiya Marşalı Mücahid Ənvər Xanın ali qonaq qismində qatıldığı rəsmi qəbulda, Pakistanın Pəncab əyalətinin qubernatoru, Pakistan Silahlı Qüvvələrinin bir sıra generalları, kontr admiralları, aviasiya vitse marşalları, digər yüksək rütbəli zabitləri, xarici ölkələrin Pakistanda akkreditə olunmuş səfirləri, hərbi attaşeləri, diplomatlar, dövlət və hökumət adamları, tanınmış ziyalılar, biznesmenlər, jurnalistlər və Pakistanda yaşayan azərbaycanlılar iştirak etmişdir.

Tədbirin keçirildiyi salon Azərbaycan və Pakistan bayraqları, Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycanın Umummilli Lideri və digər görkəmli şəxsiyyətlərinə aid, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini və Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları özündə əks etdirən fotoşəkillər və stendlərlə bəzədilmiş, cari ildə keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin banerləri və broşürləri də salonda yerləşdirilmişdir. Salonun mərkəzində qurulmuş böyük elektron monitorda Silahlı Qüvvələrimizin hazırki döyüş qabiliyyətini, maddi-texniki bazasını, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafını və turizm imkanlarını əks etdirən videoçarxlar təqdim olunmuşdur.

Salonun girişində hərbi attaşe polkovnik Mehman Novruzov tərəfindən yağlı boya ilə çəkilmiş Ulu Öndər Heydər Əliyevin portreti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanının portretləri, eləcə də 2016-cı ilin aprel döyüşləri nəticəsində düşmən işğalından azad olunmuş Lalə İlahi təpə və yeni Cocuq Mərcanlı kəndinin görüntülərini özündə birləşdirən kompozisiya rəsm əsərləri sərgilənmişdir.

Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan rəsmi qəbulda qonaqları salamlayan Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə bu il Azərbaycan Respublikası Prezidentinin sərancamına əsasən təntənəli şəkildə qeyd olunan Azərbaycan Demokratik Respublikasının və Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinin Azərbaycan tarixində əlamətdar tədbirlər olaraq yadda qalacağını və bu bayram tədbirlərinin Azərbaycana dost və qardaş ölkə olan Pakistanda keçirilməsinin də xüsusi əhəmiyyətinin olduğunu qeyd etmişdir. Səfir, tarix boyu bir çox çətinliklərlə qarşılaşmasına baxmayaraq, Azərbaycan xalqının dəstəyi və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin bir çox nailiyyətlərə imza atdığını və hal-hazırda Cənubi Qafqazın ən güclü ordusu olduğunu qeyd etmişdir. Səfir səmərəli əməkdaşlıq və tərəfdaşlığa görə Pakistana və Pakistan Silahlı Qüvvələrinə də təşəkkürlərini bildirərək, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə təbriklərini və iştirakçılara təşəkkürlərini çatdırmışdır.