Əli Mirəliyevin "yaxşı kişi olmayan" oğlu, Röyayla Aygün Bəylərin barışığı və metrodakı şortik söhbəti


Şou-biznes 25 İyn 2018 07:07:00 377 0

Əli Mirəliyevin "yaxşı kişi olmayan" oğlu, Röyayla Aygün Bəylərin barışığı və metrodakı şortik söhbəti

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (177-ci say) təqdim edir.

Ötən həftə yazılan bütün şərhləri oxudum və gəldiyim qənaət bu oldu ki, yazının oxunması üçün vulqar, açıq-saçıq ifadələrsiz də keçinmək olar. Düzdür, oxunma sayında müəyyən qədər eniş hiss edilir. Ancaq əsas olan odur ki, həmin yazını oxuduğunu başa düşənlər üçün yazırsan.

Əli Mirəliyev efirdə oğlu haqda xoşagəlməz sözlər işlədib. Deyib ki, yaxşı kişi olsaydı, arvadı qaçmazdı. Əli müəllim bəlkə də musiqimizin tarixini, arxivini bilən 4-5 nəfərdən biridir, amma şəxsi məsələləri bu qədər gündəmə gətirmək, necə deyərlər, sandığı açıb ortalığa tökmək onun nə yaşına, nə də təcrübəsinə yaraşmır. Bu arada deyim ki, övladın tərbiyəsi və tərbiyəsizliyinin bilavasitə valideynə də aidiyyəti var. Yəni, əgər oğul yaxşı deyilsə, məntiqlə ataya da "pay" düşür.

Röya Ayxan Aygün Bəylərlə bağlı məhkəmə iddiasından geri çəkilib. Bəlkə ilk dəfədir ki, Röya haqda tərifli, bəlağətli sözlər yazmaq istədim. Bilirsiniz niyə? Açıqlamanı oxuyun: "Bəli, haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan alın yazıma şübhə etdim. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazancımı "haram" adlandırdın. O gün səni izləyərkən həyatıma nifrət etdim. Ağlayaraq Yaradana sənə cavab versin dedim. Amma o an unutdum ki, sənin qızın var. O, mən yaşayanın 50 faizini doğularkən yaşayıb. Deyirlər ki, günahlarımız övladlarımızın boynuna yazılır. Bunan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım. Önümə qızınla olan görüntü çıxdı, gözlərim doldu və mən səni bağışladım. İstəyirəm ki, Allah da bağışlasın".