Lənkəranda maşını aşmış qohumuna köməyə gələn sürücü piyadanı vuraraq öldürüb


Sosial 24 İyn 2018 23:16:27 311 0

Lənkəranda maşını aşmış qohumuna köməyə gələn sürücü piyadanı vuraraq öldürüb

Daha 3 nəfər xəsarət alıb

Lənkəran rayonunda bir-biri ilə əlaqəli iki yol qəzası baş verib.

"Report"un Cənub bürosunun xəbərinə görə, birinci hadisə Lənkəran-Lerik yolunda, Dəvrədibi kəndi ərazisində baş verib.

"VAZ-2106" markalı avtomaşın Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Nəticədə iki nəfər Lənkəran sakini, bir nəfər Zəngilan rayon sakini xəsarət alıb. Sərnişinlərdən biri hadisə ilə əlaqədar olaraq Lənkərandakı yaxınına zəng vuraraq kömək istəyib.

"VAZ-2107" markalı avtomaşınla köməyə gələn Şağlaküçə kənd sakini yolda piyadanı vurub. Nəticədə ağır xəsarət alan 54 yaşlı Şükürov Əliməmməd İlyas oğlu sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, o, dünyasını dəyişib. Digər üç yaralı da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.