İnsanın özünü islah etməsinin mərhələləri


Digərləri 24 İyn 2018 21:10:00 409 0

İnsanın özünü islah etməsinin mərhələləri

Allaha həmd-sənalar olsun ki, bizlərə mübarək İlahi təlimi yaşatmaq kimi böyük bir neməti və səadətini nəsib edib. Geridə qoydiğumuz İlahi ziyafət - mübarək Ramazan ayı bu baxımdan xüsusi önəm və əhəmiyyət kəsb edir. Kimlər üçünsə bu, yalnız müəyyən qədər ac və susuz qalmaq dönəmi idi, kimlər üçünsə Uca Yaradana bəndəlik məktəbini keçmək, qəlbin, zehnin, əzaların orucunu tutmaq dönəmi.

Allah Təala bizlərə bu həqiqətləri dərk edib yaşamaq tofiqatını nəsib etsin!

Özünənəzarətin ilk mərhələləri - müşaritə və müraqibə

Bizlərin həyatında ən əsas diqqət etməli məsələlərdən biri budur ki, insan gərək gün ərzində özünü nəzarətdə saxlamağı bacarsın. Əgər biz bunu etməsək, həyatımızda heç bir irəliləyişə, inkişafa çata bilməyəcəyik.

Özümüzü nəzarətdə saxlamaq üçün əxlaqi dillə desək, müraqibə etmək üçün nəyə nəzarət edəcəyimizi müəyyən etməliyik. Əgər müəyyən etməsək, mücərrəd şəkildə, amorf halda beynimizdə olsa, qarışıq halda düşüncəmizdə saxlasaq, konkretlik olmasa - şeytan (lən) vəsvəsə edəcək, bizi müəyyən məsələləri nəzarət etməyə qoymayacaq, məsələləri bir-birinə qatacaq, növbəti günlərə, aylara saxlamağa vadar edəcək və s.

Bu, gözəl və dəqiq sözdür ki, gün ərzində özümüzlə müraqibə etməliyik. Amma, özümüzə nəzarət edəcəyimiz mövzuları gərək öncədən müəyyənləşdirək.

Əxlaq elmində buna müşaritə deyilir. Yəni, biz gərək mücərrəd, ümumi, qeyri-müəyyən formada deyil, konkretləşmiş bir halda beynimizdə və daha da yaxşısı - hansısa bir qeydiyyat vasitəsində nəzarət edəcəyimiz məsələləri qeyd edək. Yeməyimiz, yatmağımız, yeriməyimiz, namazlarımızın qılınması, oruclarımız, davranışlarımız, ünsiyyətlərimiz - özümüzlə bağlı hər şeyi müəyyən edək.

Özümüz özümüzlə bir qərardad bağlamalıyıq. Biz başqaları ilə bir şərtləşmə aparmağa, sonradan həmin şərtlərin yerinə yetirilməsinə nəzarət etməyə öyrəşmişik. Sonradan kimin düz, kimin səhv etdiyini yoxlamağı, daha sonra nəticələndirməyi öyrənmişik. Amma, mühüm budur ki, biz özümüz özümüzlə bir razılaşma, qərardad bağlayaq. Bu razılaşmanı nəfsimizlə bağlamış olaq. Gün ərzində həyatımızın bütün istiqamət və çalarları ilə bağlı özümüzlə bir razılaşmamız olsun.

Nə gözəl olar ki, insan bunların hamısını öz şərtləşməsində yaza. İlk öncə nəzarət edəcəyi məsələləri müəyyən edə, onlarla bağlı qərarlaşa, sonra isə yaza. Şəhid Mütəhhəri (r.ə) cənabları buyurardı ki, yaxşı olar ki, insan bu razılaşmasına imza da atsın. Bundan sonra isə insanın müraqibəsi başlanır. İnsan nəzarət edir ki, qeyd etdiyi bütün şərtləri həyata keçirtsin.

Günün yekununda özümüzü hesaba çəkək

Misal üçün, insan qərar verir ki, müəyyən saatdan sonra yemək yeməsin. Baxsın görsün ki, buna riayət edir, ya yox. İbadi məsələlər də bu cürdür. İnsan nəzarət etməli olduğu mövzuları qeyd etməli, sonradan onların yerinə yetirilməsinə müraqib olmalıdır.

Gün ərzində bütün məsələlərə nəzarət etdikdən sonra üçüncü mərhələ başlayır. Bu mərhələ mühasibə mərhələsi adlanır. İnsan nəzarət etdiyi, şərtləşdiyi mövzularla bağlı nəticələndirmə aparmalıdır. Buna qiymətləndirmə mərhələsi də deyilir. Bütün mövzularımızın durumuna nisbətdə bu qiymətləndirməni müəyyən etməliyik.

Yekunda misal üçün, müəyyən məsələ ilə bağlı nəticəyə çatırıq ki, yaxşı olub. Müəyyən olunur ki, bir gün razılaşmamıza əməl etmişik. Əgər razılaşmamıza əməl etmişiksə, Rəbbimizə şükür etməliyik. Şükür etməliyik ki, bir gün Allah istəyən kimi yaşaya bilmişik. Növbəti gün üçün yenə şərtləşməli və beləcə davam etməliyik.

Mühasibə zamanı görsək ki, vəziyyət pisdir, bəzi məsələləri yerinə yetirməmişik - bu zaman iki yolla davranmalıyıq. Əgər şərtləşməmizi az miqyasda pozmuşuqsa, əxlaq ustadları tövsiyə edirlər ki, bu zaman özümüzü danlamaq həddi ilə, qınamaq həddi ilə cəzalandıraq. Buna müatibə deyilir.

Amma, əgər aləmi bir-birinə qatmışıqsa, şərtləşmədə olan mövzuları ciddi şəkildə pozmuşuqsa, bu zaman müaqibə yolunu seçməliyik. Əvvəldən özümüz üçün hazırladığımız cəzalar, cərimələr olmalı və şərtlərimizi kobud şəkildə pozduğumuz təqdirdə onları özümüzə tətbiq etməliyik. Cəzalar da yanlış məktəblərdə olduğu kimi fiziki, işgəncəvi xarakterli olmamalıdır. Dinimiz o cür özünü cəzalandırmanı qəti şəkildə qəbul etmir.

Necə cəza? Misal üçün, hansısa şərti pozacağımız təqdirdə əvvəlcədən müəyyən etməliyik ki, özümüzə hansısa məhdudiyyətlər qoyacağıq. Və yaxud müəyyən şərtləri pozacağımız təqdirdə ən çox xoşladığımız təamlardan, qidalardan müəyyən müddətlik imtina edəcəyik. Gərək beləcə qərarlaşaq.

Cəza mexanizmləri qurucu olmalıdır, bizi təkamülə aparan olmalıdır. Dinimiz insanı təkamülə aparmayan heç bir məsələni qəbul etmir. Əlavə oruc, sübh namazından sonra yatmayıb ibadətlə məşğul olma, qəza namazlarını çox qılmaq, münasibəti olmadığı qohum-əqrəbaları ilə sileyh-rəhmi bərpa etmək və s. kimi məsələləri insan özü üçün məcburi işlər qismində müəyyən edə bilər.

İnsanın gündəlik, aylıq, illik müşaritəsi olmalıdır. Bir günü belə boş vermək olmaz. Boş verdiyimiz gündə müraqibə edə bilməyəcəyik.

Bundan sonra gün ərzində müəyyən etdiyi məsələlər üzrə kontrol və nəzarət olmalıdır. Günün sonunda mühüm məsələ - mühasibə gəlir. Bunun da nəticəsində əgər hər şey gözəldirsə, şükür edilməli, əgər vəziyyət yaxşı deyilsə - əvvəlcə qınama, danlama mərhələsi və əgər ciddi pozuntular varsa - müaqibə olmalıdır.

Ali məqamlı insanlar bu mərhələyə özünü hesaba çəkməklə çatıb

Mərhum Ayətullah Bürucerdi (r.ə) cənabları Bürucerd şəhərində dərs deyərdi. Çox sayda insanlar dərslərinə gələrdi. Bir gün dərs vaxtı bir tələbə əlini qaldırır və sual verir. Ayətullah Bürucerdi (r.ə) cavab verir. Həmin adam bir sual da verir, alim yenə də cavab verir. Üçüncü sualı verəndə Ayətullah Bürucerdi (r.ə) cənabları ondan sakit olmasını xahiş edir.

Həmin insan sakit olur. Dərs bitir, Mərhum Ayətullah Bürucerdi minbərdən düşür, heç kim dağılışmamış həmin tələbənin əlindən öpür, əbasını çıxarıb ona hədiyyə edir və ona bir qədər də hədiyyə verərək, onu halal etməsini xahiş edir. Görünür əhdi var imiş ki, əsəbiləşəcəyi təqdirdə bir il oruc tutacaq. Bu hadisədən sonra bir il oruc tutur və hər iftardan öncə də göz yaşları axıdaraq, Allahdan bağışlanma istəyir.