“Dərmansız qarpıza bıçaq vuranda partlamalıdır”


Digərləri 24 İyn 2018 20:03:00 515 0

“Dərmansız qarpıza bıçaq vuranda partlamalıdır”

Mütəxəssislər zəhərli bostan məhsullarını tanımağın yolunu göstərdilər: "Şirinliyə aldanmayın!.."

Qarpızın yetişmə vaxtı iyulun sonlarından başlayır. Mütəxəssislər avqustdan tez qarpız yeməyi məsləhət görmürlər. Buna baxmayaraq, artıq dükan-bazarlarda qarpız-yemiş satışına rast gəlirik.

Son.az musavat.com-a istinadən bildirir ki,iyunda yetişən qarpızın tərkibinə qırmızı rəng nitrit vurulduğu deyilir. Bu isə orqanizm üçün zəhərlidir. Tərkibində nitrat olan qarpızlar həssas orqanizmi olan insanlarda ölümə qədər gətirib çıxara bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bildirir ki, hazırda qarpızların və yemişlərin tərkibində nitritlərin miqdarı 2-3 dəfə çoxdur: "Qarpız-yemişlərin yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur. Nitratlar insanı tədricən zəhərləyən kimyəvi maddələrdir. Normalara görə, bir kiloqram qarpızın tərkibində 60 milli qramdan çox nitrit olmamalıdır. İnsan gün ərzində 200-300 milli qramdan artıq nitrit qəbul etsə, zəhərlənər. Hesablasaq görərik ki, bir adam hətta tərkibində normalara uyğun 60 milli qram olan 3 kilo qarpız yesə, artıq o, zəhərlənməyə məruz qalar. Mən bu rəqəmləri ona görə deyirəm ki, ötən il biz monitorinq apardıq və qarpızların tərkibində nitritlərin miqdarı nəinki 60, 200-250 milli qram çıxdı. Həmin qarpızlardan adam bir kilo yesə, zəhərlənər. Artıq bazarlarda təhlükəli məhsullar var. İnsanlar kütləvi tədrici zəhərlənmənin qurbanları olur".

E. Hüseynov istehlakçılara tövsiyə edir ki, həddindən artıq böyük qarpız almasınlar: "Azərbaycan şəraitində təmiz qarpız 5-6 kilodan böyük olmur. Qarpıza bıçaq vuranda partlamalıdır. Qabığı 5 mm-dən artıq olmamalıdır. Rəngi al qırmızı olmalıdır. Ağ zolaq görünməməlidir. Qarpızın şirinliyinə aldanmasınlar. Gübrə verilmiş qarpız bəzən şirin və çəhrayı rəngdə olur".