İnsan Allaha olan sevgisini necə gücləndirə bilər?


Digərləri 24 İyn 2018 19:45:00 322 0

İnsan Allaha olan sevgisini necə gücləndirə bilər?

Allaha olan eşq - Allahı tanımağın və Ona olan elmin meyvəsidir. İnsan hər nə qədər Mehriban Allahı daha çox tanıyar - eşq və sevgisi güclənər. Necə ki, ata və ana öz övladlarını sevirlər, övladları da onları sevirlər. Çünki görürlər ki, ata və anaları onların xeyri və mənfəəti üçün əllərindən gələni edir və zəhmət çəkirlər.

Əgər Əziz Allah haqqında bu cür düşünsək və nəzərə alsaq ki, Allah Təala ata və anamızdan bizə qarşı qat-qat daha çox mehriban və şəfqətlidir və bizim xeyirimizi istəyir, o zaman bu sevgini gücləndirmiş olarıq.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Allah, ata və analarınızdan (sizə qarşı) 70 dəfə daha çox mehribandır".

Əgər yaşadığımız mühitə nəzər salsaq, görərik ki, Allah bizim rahatlığımız üçün hər şeyi hazır etmişdir. Qaldığımız məkandan tutmuş, yediyimiz yeməyə, geydiyimiz libasa və hətta bizə sevgi verən insanlara qədər hər şeyi düşünmüş və hazır etmişdir.

Əgər Uca Allahı yaxından tanımağa cəhd etsək, göstərişlərini yerinə yetirsək, tövsiyələrinə qulaq versək, günahdan çəkinsək - İlahi eşq özü bizim qəlbimizə daxil olacaq və nur saçacaqdır. Nə zaman Allahı yada salsanız, Onu nə qədər sevdiyinizi anlayacaqsınız. Hətta bəzən bu eşqdən göz yaşları meydana gələcək və simanızdan aşağı axacaqdır.