DMXnın rəisi: "Hökumət ilə biznes ictimaiyyəti arasında müntəzəm görüşlərin keçirilməsi vacibdir"


Digərləri 24 İyn 2018 11:20:00 343 0

DMXnın rəisi: "Hökumət ilə biznes ictimaiyyəti arasında müntəzəm görüşlərin keçirilməsi vacibdir"

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan") Bakıda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun iştirakı və çıxışı ilə xarakterizə olunan aylıq işgüzar nahar təşkil edib.

Xidmətdən Son.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Vüsal Hüseynov biznes sektoru nümayəndələri ilə birbaşa növbəti görüş imkanına görə təşəkkürünü bildirib və diqqətə çatdırıb ki, ölkəyə gələn əcnəbilərin müraciət etdiyi ilk sahələrdən biri də DMX-dir. Bu baxımdan miqrasiya sahəsində şəffaflığın və rahatlığın təmin edilməsi Xidmətin əsas prioritetlərindəndir. Çünki, turizmin və biznes mühitinin inkişafı miqrasiya məsələləri ilə birbaşa əlaqəlidir.

Xidmət rəisinin sözlərinə görə, böyük həcmli və uzunmüddətli xarici investisiyalar daha əlverişli biznes mühiti tələb edir. Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlər, geniş infrastruktur layihələri, Ələt Azad Ticarət Zonasının yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ölkəmizə xarici investisiyanın cəlb edilməsinə xüsusi təkan verir ki, bu da öz növbəsində çevik miqrasiya idarəçiliyini şərtləndirir.

Vüsal Hüseynov onu da bildirib ki, DMX-nin fəaliyyəti ilə bağlı təklif və iradları bilmək, Xidmətin fəaliyyətinin günün tələblərinə uyğun qurulması və ölkəyə xarici investisiyanın cəlb olunması üçün işgüzar dairələr ilə əməkdaşlıq əlaqələri genişləndirilir. O, DMX yanında yaradılacaq Məşvərət Şurasının işində "AmCham" nümayəndələrinin də təmsil olunacaqlarına ümidvar olduğunu diqqətə çatdırıb. İlk görüşdə aparılan müzakirələrdə fəal iştirakları ilə bu layihənin gerçəkləşməsinə verdikləri dəstəyi qeyd edib və bildirib ki, "Ağ sənəd", "Avropa İttifaqının Azərbaycan üzrə biznes mühiti hesabatı" və digər sənədlərdə əksini tapan fikirləriniz və rəyləriniz ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması üçün islahatların aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, biznes dairələrinin təklifləri Xidmətdə ətraflı təhlil olunur və nəzərə alınır.

Vüsal Hüseynov ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsi və yerli əhalinin məşğulluğunun artırılması, eləcə də yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi üçün Azərbaycanda fəaliyyət göstərən şirkətləri milli kadrlara təlimlər keçirilməsi yolu ilə milliləşdirmə siyasəti aparmağa dəvət edib. Xidmət rəisi onu da əlavə edib ki, qanunvericiliyin sadələşdirilməsi istiqamətində də işlər davam etdirilməkdədir.