"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi FOTO


Digərləri 23 İyn 2018 12:45:00 285 0

"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi  FOTO

20-22 iyun tarixlərində "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi çərçivəsində IDEA İctimai Birliyi, Gənclər Fondu, Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Bəbirləri mühafizə edək!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilib.

Son.az xəbər verir ki, IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, Lerik rayonunun Hamarmeşə, Günəşli, Qosmalian, Çayrud, Vistən, Nuravud və s. kəndlərindən 60-a yaxın məktəblinin iştirak etdiyi düşərgə Lerik rayonunun Qosmalian kəndində keçirilib.

"Bəbirləri mühafizə edək!" yay düşərgəsinin əsas məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənclərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliği, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

Düşərgənin ilk günü iştirakçılar bəbirlərin həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, bəbirlərin populyasiyasının azalma səbəbləri ilə bağlı təqdimatda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə, biomüxtəlifliklə bağlı bilik yarışmalarında iştirak ediblər.

Düşərgənin ikinci günündə iştirakçıların Zuvand Dövlət Təbiət Yasaqlığına, o cümlədən Günəşli şəlaləsinə ekskursiyası təşkil olunub. Ekskursiya zamanı uşaqlar təmizlik aksiyasında iştirak edib və tullantıları toplayaraq çeşidləyiblər. Daha sonra, gənclər heyvan izlərinin və bitki növlərinin təyin edilməsi ilə bağlı praktiki işlərə qoşulublar.