Ukraynada Azərbaycan Ticarət Evi açılıb


Digərləri 22 İyn 2018 20:03:00 365 0

Ukraynada Azərbaycan Ticarət Evi açılıb

İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evinin ümumi sahəsi 300 kv.m-ə yaxındır.

Bakı. Bu gün Kiyevdə Azərbaycan Ticarət Evinin açılışı olub. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar iştirak ediblər. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evinin ümumi sahəsi 300 kv.m-ə yaxındır. Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Ukrayna bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək, Ukraynada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Ticarət Evinin daimi fəaliyyət göstərən sərgisində 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif məhsullar (meyvə şirəsi və kompotlar, mineral sular, zeytun, çay, meyvə və tərəvəz, qənnadı məmulatları, spirtli içkilər, Naftalan yağı, toxuculuq və kosmetika məhsulları və s.) nümayiş olunur. Ümumilikdə, Azərbaycan Ticarət Evində 85 çeşiddə şərab, 26 çeşiddə konyak, 37 çeşiddə çay, 30-dan çox çeşiddə meyvə şirəsi və kompotlar, 150 çeşiddən çox digər məhsullar sərgilənir. Açılış mərasimində çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Ukraynada Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin və iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə olan marağın göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Ukrayna əməkdaşlığı uğurla inkişaf edir, xalqlarımızı tarixi dostluq əlaqələri birləşdirir. Azərbaycan və Ukrayna dövlət başçılarının yüksək siyasi iradəsi nəticəsində bu gün ölkələrimiz arasında münasibətlər strateji səviyyəyə yüksəlib, möhkəm müqavilə-hüquqi baza yaradılıb, Azərbaycan və Ukrayna Prezidentləri Şurası, iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir. Qeyd edilib ki, Ukrayna ölkəmizin əsas ticarət tərəfdaşlarındandır və 2017-ci ilin nəticələrinə əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsində 6-cı yeri tutub. Ümumiyyətlə, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində müsbət dinamika müşahidə edilir. 2017-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 2,5 dəfə artaraq 810 mln. dollar, bu ilin 4 ayında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 261,7 mln. dollar təşkil edib.