BDU rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin konfransında çıxış edib (FOTO)


Digərləri 22 İyn 2018 17:53:00 553 0

BDU rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin konfransında çıxış edib (FOTO)

BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib

Bakı. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Yunanıstanın Saloniki şəhərində Aristotel Universitetinin ev sahibliyi ilə keçirilən Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin (BSUN – Black Sea Universities Network) 2018-ci il Konqresində və rektorlarının XIII konfransında iştirak edib. Universitetdən Trend-ə verilən məlumata görə, konfransda Azərbaycan da daxil olmaqla 11 ölkənin 35 ali təhsil ocağından rektorlar və nümayəndələr iştirak edib. BMT-nin Davamlı İnkişaf Planının həyata keçirilməsinə yardım məqsədi ilə təşkil olunan tədbir Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin 20 illik yubileyinin qeyd olunması ilə başlayıb. Konfransda Azərbaycanın son illər elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlər, o cümlədən bu təşkilata verdiyi töhfələrdən bəhs edilib. Ruminiyanın elm mərkəzləri ilə BDU arasında nanotexnologiyalar sahəsində aparılan işlərin uğurlu nəticələrindən danışılıb. Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinə BDU-nun rəhbərlik etdiyi 2002-2004-cü illər intibah dövrü kimi qiymətləndirilib. Şəbəkənin daimi katibliyinin məhz bu illərdə BDU rektoru, akademik A.Məhərrəmovun rəhbərliyi ilə yaradıldığı qeyd olunub. Konfrasda rektor, akademik A.Məhərrəmov məruzəsində Prezident İlham Əliyevin elmə və təhsilə göstərdiyi qayğıdan, bu sahədə aparılan uğurlu islahatlardan, həmçinin təhsil müəssisələrinin inkişafından danışıb.