Pambıq tarlalarındakı zəhərlənmə ilə bağlı vəzifəli şəxslər həbs edildi RƏSMİ


Digərləri 22 İyn 2018 15:31:00 416 0

Pambıq tarlalarındakı zəhərlənmə ilə bağlı vəzifəli şəxslər həbs edildi  RƏSMİ

Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar sektorda prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir. Bu sahənin inkişafı sürətləndirilməklə, əkin dövriyyəsi genişləndirilmiş, daha çox əmək ehtiyatları işə cəlb olunaraq, infrastruktur müasirləşdirilmiş, fermerlərin müasir texnika və avadanlıqlarla, o cümlədən keyfiyyətli pestisid və gübrələrlə təminatları gücləndirilmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətlərinidən Son.az-a verilən məlumata görə yüksək məhsuldarlığa nail olunması üçün zəruri olan, bitki xəstəlikləri və ziyanvericilərinə qarşı mübarizə təyinatlı müasir keyfiyyətli pestisid və gübrələrin idxalı və tətbiqi sahibkarlardan, habelə bu sahəyə nəzarəti həyata keçirən vəzifəli şəxslərdən insanlar və ətraf mühit üçün maksimum təhlükəsizliyin təmin olunmasını tələb edir.

Lakin bəzi hallarda bu sahədə mövcud normativ aktların, o cümlədən "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununun, "Pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları"nın tələbləri pozulur. Belə ki, son vaxtlar pambıq istehsalı ilə məşğul olan şirkətlər və onların yerli aqronomları və digər məsul şəxslər müvafiq təlimatlara vaxtında əməl etməyərək, tarlada çalışan işçilərlə zəruri təlimatlandırma işləri aparmamış, vətəndaşlar dərmanlanmış sahələrdə, eləcə də qonşu ərazilərdə kimyəvi maddələrin təsiretmə müddətləri gözlənilmədən işə cəlb olunmuşdur.

Nəticədə 2018-ci il iyunun 10-da Saatlı rayonunun Simada kəndi ərazisində fermer Lətif Xəlidova məxsus olan pambıq tarlasından, iyunun 16-da Tərtər rayonunun Seydimli kəndi ərazisində fermer Rasim Həsənovun istifadəsində olan torpaq sahəsindən, iyunun 19-da İmişli rayonu ərazisində "MKT İK" Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli filialına məxsus əkin sahələrindən, iyunun 20-də Tərtər rayonunun Xoruzlu kəndi ərazisində fermer Tural Nəbiyevə məxsus torpaq sahəsindən bir qrup şəxs zəhərlənmə diaqnozu ilə müalicə müəssisələrinə daxil olmuşdur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Prokurorluq, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin rəhbər və məsul əməkdaşlarından ibarət komissiya baş vermiş hadisə ilə bağlı zəhərlənmənin səbəblərini araşdırmaq məqsədilə müvafiq rayonlara ezam edilmişdir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri İmişli rayonunda sahibkarlar və yerli mütəxəssislərlə görüşlər keçirib, onları maraqlandıran sualları cavablandırmış, baş vermiş hadisənin təkrarlanmaması üçün konkret tapşırıqlar vermişdir.

Bununla yanaşı, bu sahədə çalışan şəxslərin pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılması, o cümlədən əhalinin maarifləndirməsi işləri genişləndirilmiş, bu fəaliyyətə həmçinin yerli icra hakimiyyəti orqanlarının əməkdaşları cəlb edilmişdir.

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə nazirliyin məsul əməkdaşları İmişli və Yevlax rayonlarında olaraq zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə daxil olmuş şəxslərin müalicəsini nəzarətə götürmüşdür. Hazırda hər cür tibbi təminatla əhatə olunan xəstələrin səhhəti üçün hər hansı təhlükə müəyyən edilmir.