“Report”: OPEC üzvləri gündəlik hasilatın həcmini maksimum 600 min barel artıra bilər - ANALİTİKA


Digərləri 22 İyn 2018 15:01:19 169 0

“Report”: OPEC üzvləri gündəlik hasilatın həcmini maksimum 600 min barel artıra bilər - ANALİTİKA

Bu gün Vyanada kartelin 174-cü iclası keçirilir

Bu gün Vyanada (Avstriya) Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 174-cü iclası keçirilir.

“Report” xəbər verir ki, iclasdan öncə ənənəvi olaraq texniki qrupun toplantısı baş tutub.

Toplantıda İranın etirazlarına baxmayaraq gündəlik neft istehsalının həcminin 1 mln. barel artırılmasına qərar verilib. Artım təklifinin həcminə görə Rusiya öndə getsə də (1,5 mln. barel), yekun qərarın qəbulunda ən çox israr edən Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih olub. Qərara etiraz edən İranın neft naziri Namidor Zanqane iclası tərk edib. Digər aparıcı neft hasilatçısı olan Venesuela isə artım məsələsində bitərəf qalıb.

"Report"un analitik qrupu bildirir ki,hasilatın həcminin artırılmasını ABŞ, daha dəqiq desək Prezident Donald Trampın administrasiyası dəstəkləyir. Rəsmi Vaşinqton dünya bazarında neftin 1 barelinin qiymətinin 50 dollara düşməsinə maraqlı olduğunu gizlətmir. Əgər OPEC-in iclasında Venesuela, İraq və Əlcəzair də İrana qoşularaq artım təklifinə veto qoysalar, hasilatın həcmi əvvəlki səviyyədə qalacaq. Əgər veto qoyan təkcə İran olsa hasılatın həcminin artırılmasına qərar veriləcək. Müşahidələr isə göstərir ki, adətən texniki qrupun qərarı əsas iclasda da qəbul edilir.

Bununla belə, OPEC-ə üzv ölkələrin 1 mln. barellik artıma hazır olmadıqları bildirilir. İddialara görə kartel üzvlərinin artım potensialı maksimum 600 min bareldir. Bunu isə əsasən Rusiya, Səudiyyə Ərəbistanı və Küveyt təmin edəcək. Venesualenın isə hasilatın həcmini artırmaq imkanı yoxdur.

Texniki qrupun qərarı açıqlandıqdan sonra əmtəə birjalarında neftin qiyməti təxminən 1 ABŞ dolları/barel artaraq 74 dollar/bareli keçib. Yaxın saatlarda açıqlanacaq xəbərlərdən asılı olaraq qiymətin 80 dollara yaxınlaşması və yaxud 70 dollara düşməsi istisna deyil.