Şortik qalmaqalı, Lerikdə zorlanan qız, pambıq tarlasında zəhərlənmə


Digərləri 21 İyn 2018 22:35:00 381 0

Şortik qalmaqalı, Lerikdə zorlanan qız, pambıq tarlasında zəhərlənmə

Son.az lent.az-a istinadən Sevda Sultanovanın yazısını təqdim edir

Andrey Zvyagintsev "Sevgisizlik" filmində ölkəsindəki mövcud mənəvi-psixoloji durumun, xaotik əhvalın, kütləvi psixozun dəqiq diaqnozunu qoyur: sevgisizlik.

Sevgisizlik dərin problemlər doğurur. Ancaq o, eyni zamanda  bir çox sorunların nəticəsi kimi ortaya çıxır və cəmiyyətdə bütün münasibətlər sisteminə təsir göstərir.

Zvyagintsev konfliktli məişət situasiyasının da, laqeyd, soyuq insan münasibətlərinin də, hüquqi, sosial funksiyasını yerinə yetirməli olan təşkilatların səbatsızlığının da səbəbini bütöv bir sistemin yararsızlığına (oxu: sevgisizliyinə) bağlayır.

Günlərlədir, müzakirə olunan, Lerikdəki zorlanma hadisəsi də, pambıq tarlalarındakı zəhərlənmə də, metrodakı "şortik" qalmaqalı da Zvyagintsevin geniş kontekstdə nəzərdə tutduğu sevgisizliyin (oxu: laqeydliyin, nifrətin) nəticəsidir.

Yuxarıda sadaladığım olaylar ilk baxışdan ayrı, fərqli laylarda görünən kimi olsalar də, əslində olanlar bütöv bir zəncirin qırılmaz halqalarıdır.

Metrodakı "şortik" qalmaqalı ilk baxışda sıradan, kiçik miqyaslı ictimai olay təsəvvürü yaradır. Fəqət, oradakı detal planlar ümumi durumun konkret vizual ifadəsidir.

Əksər ictimai rəydə səsləndiyi kimi, qiyafətə müdaxilə, fərdin özəl, intim ərazisinə təcavüzdür. Amma niyə kimsə başqa birinin məsələn, geyiminə müdaxiləyə cəsarət edir? Və ya belə deyək, bu haqqı doğal olaraq özündə görə bilir?

Çünki fərdlərin özəl azadlıqları bizim toplumda tez-tez pozulması artıq normadır, özü də ən müxtəlif (yüksək və məişət səviyyəsində) səviyyələrdə.

Bir tərəfdən də bu, təkcə qadına yox, ümumən, özümüzdən yaşca kiçiyə sayğısız, saymazyana yanaşan mental yaddaşımızla, arxetiplərlə əlaqəlidir.

Gərək ki, bunu bir dəfə yazmışdım, təkrarlamaqda yenə fayda var.

Bir neçə il əvvəl telekanallardan birində yetkinlik yaşına çoxdan çatmış bir qadının evdən getməsi haqda xəbər hazırlanmışdı. Qadının evdən getmə səbəbi o idi ki, əyalətdə monoton həyatdan yorulmuşdu və şəhərə gələrək yeni, fərqli həyatı qurmaq istəyirdi. Ailə bu barədə polisə xəbər verir. Polis qadını tapıb ailəsinə təhvil verir. Heç nə olmamış, zərurət kimi. Qadının haqlarını tapdalayan hüquq-mühafizə orqanları da instinktiv olaraq  paternialist ənənələrə təslim olur. Hətta informasiya proqramı xəbəri qadını qınayıcı tonda hazırlamışdı.

Yeniliyi, fərqliliyi, alternativliyi, azadlığı faciə kimi, az qala fizioloji ağrıyla qəbul edirik. "Şortik" qalmaqalında da kişinin qıza "get, böyüyün gəlsin!" israrı, təkcə qadının, özündən yaşca kiçiyin azadlığını, haqqını tanımaq istəməməsi yox, həm də ölkəni saran sevgisizlik kimi ortaya çıxır.