Az yeyin ki, sağlam olun


Digərləri 21 İyn 2018 20:45:00 294 0

Az yeyin ki, sağlam olun

Elm çoxdan sübut edib ki, insanın yoluxduğu xəstəliklərin əksəriyyətinin səbəbi qidalanma qaydalarının pozulmasıdır. Çox yemək, acmadan yemək, lazım olmadığı zaman yemək, qadağan olunmuş qidaları yemək, yuylmamış və təmizlənməmiş məhsulları yemək, yeməyə başlamazdan əvvəl əlləri yumamaq, qida rasionunu düzgün seçməmək, yeməkləri qarışdırmaq və s. səbəblər orqanizmdə müxtəlif xəstəliklər yaradır.

Bütün bu pozuntular barədə dini mənbələrimizdə, xüsusilə, məsumların hədislərində göstərişlər vardır. Məşhur hədisdə buyurulduğu kimi, dünyada ən ziyanlı qab yeməklə dolu mədədir. Qurani-Kərimdə buyurulur: "Yeyin-için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz" (Əraf, 31). Çox yemək qəlbi daşlaşdırar, insanı ətraf mühitə, xüsusilə də, möhtac və ac insanların vəziyyətinə qarşı laqeyd edər, üstəlik, tənbəllik və süstlük yaradar. Qarnını yeməklə doldurmuş şəxs ibadətə o qədər də meyil duymaz, istirahət etməyə və yatmağa çalışar.

Son.az islam.az-a istinadən bildirir ki, yeməklə bağlı ən mühüm problemlərdən biri çox yeməkdir. Yuxarıda xatırlanmış Quran ayəsində də bu problem vurğulanır. Xüsusilə, Ramazan ayında çox yemək və israf etmək məsələləri gündəmə gəlir. İnsanlar bəzən öz fiziki imkanlarını düzgün qiymətləndirmədən iftar və səhur zamanı çox yeyir, bununla da öz fiziki və mənəvi durumlarını çətinliyə salırlar.

Çox yeməyin mənəvi ziyanları ayrıca bir mövzu olsa da, bu dəfə onun maddi və bioloji təhlükələri barədə danışmaq istərdik. Mədəni yeməklə doldurmaq həzm prosesini çətinləşdirir. Məsumlarımız tövsiyə edirdilər ki, insan gərək öz mədəsini 3 hissəyə bölsün. Bir hissəsini yemək, bir hissəsini içəcək, bir hissəsini də hava üçün saxlasın, yəni nəfəs almağı çətinləşdirəcək dərəcədə çox yeməsin.

Alimlər çoxsaylı tədqiqatlar və təcrübələr nəticəsində bu fikrə gəlmişlər ki, sağlamlıq üçün dərindən və rahat nəfəs almaq mühüm amillərdən biridir. Yarımçıq, çətin nəfəs almaq ömrü azaldır. Aydındır ki, mədə dolu ikən tam rahatlıqla, sinədolusu nəfəs almaq çətindir. Sağlam qalmaq istəyən şəxs öz daxilində rahat nəfəs almaq üçün kifayət edəcək qədər yer saxladığına əmin olmalıdır, bunun üçün isə az yemək lazımdır.