Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva “Birlik ulduzları” mükafatı ilə təltif edilib (FOTO)


Digərləri 21 İyn 2018 20:09:12 433 0

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva “Birlik ulduzları” mükafatı ilə təltif edilib (FOTO)

Qazaxıstan Milli Muzeyində MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının “MDB-də dialoq - XXI əsrdə humanitar əməkdaşlığın perspektivləri” mövzusunda XIII Forumu keçirilib.

Bakı. İyunun 19-20-də Qazaxıstanın paytaxtı Astanada, Qazaxıstan Milli Muzeyində MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının “MDB-də dialoq - XXI əsrdə humanitar əməkdaşlığın perspektivləri” mövzusunda XIII Forumu keçirilib. MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının Forumu Müstəqil Dövlətlər Birliyi məkanında ən iri illik humanitar tədbirdir. MDB ölkələrinin mədəni, elmi və təhsil elitası forumlarda görüşməklə birbaşa peşəkar ünsiyyət və təhsil, elm, ədəbiyyat, təsviri incəsənət və Birlikdə mədəniyyətlərarası qarşılıqlı əlaqənin digər sahələrində aktual, tələbat duyulan layihələrin dəstəklənməsi üçün nadir imkana malik olur. Forumda Azərbaycanı geniş nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva, AMEA-nın vitse-prezidenti, M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Azərbaycanın Xalq Artisti Murad Adıgözəlzadə, digər elm və incəsənət xadimləri daxil idi. Forumun açılışında Azərbaycan ilə yanaşı, Belarus, Qazaxıstan, Rusiya, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edib. Qazaxıstanın Dövlət katibi Gülşara Abdıkalıkova Prezident Nursultan Nazarbayevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Dövlət katibi vurğulayıb ki, belə forumlar çərçivəsində humanitar əməkdaşlıq ölkələr arasında mehriban qonşuluq siyasətini daha da möhkəmləndirir. Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxuyub və tədbirin işinə uğurlar arzulayıb. Sonra 2017-ci il üçün “Birlik ulduzları” mükafatı laureatlarının təltif edilməsi mərasimi keçirilib. Laureatlar sırasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor Nərgiz Paşayeva, görkəmli rusiyalı musiqiçi, alt alətində ifaçı, dirijor, məşhur pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti Yuri Başmet, Qazax Milli incəsənət Universitetinin rektoru, ictimai xadim, Qazaxıstan Respublikasının Xalq Artisti Ayman Musaxacayeva, Moldova Elmlər Akademiyasının həqiqi üzvü, Milli Kosmik Texnologiyalar Mərkəzinin direktoru, Moldova Respublikasının elm və texnika sahəsində Dövlət Mükafatı laureatı İon Bostan, Qırğızıstan Milli Elmlər Akademiyasının Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldajan Akmataliyev, Tacikistan Respublikasının Xalq Şairi, Yazıçılar İttifaqının sədri Kosim Nizom, Belarus Respublikasının Əməkdar İdman Ustası, Beynəlxalq Biatlon Federasiyasının İdmançılar Komitəsinin üzvü, dördqat Olimpiya çempionu Darya Domraçeva da var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva elmi və humanitar fəaliyyətinə görə “Birlik ulduzları” mükafatını almaq üçün səhnəyə dəvət edilib. Professor Nərgiz Paşayeva onun fəaliyyətinə verilmiş yüksək qiymətə görə Forumun iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirərək deyib: -XIII Humanitar Forumun iştirakçılarını ürəkdən salamlayıram. Mənə “Birlik ulduzları” mükafatı laureatı olmaq və sizin aranızda olmaq xoşbəxtliyi nəsib olub. Şadam ki, dostluq tellərini möhkəmləndirərək biz müasir dünyada bir-biri ilə qarşılıqlı anlaşmanın necə vacib olduğunu başa düşürük. Hər dəfə bu cür imkan düşəndə biz biliklərin, ideyaların, mədəni təcrübənin, gələcək planlarımızın və ümidlərimizin mübadiləsinə kömək etməliyik. Məhz bu əbədi platformalar bizi hər şeydən daha çox əlaqələndirə bilər. Bu gün biz dünya mədəni irsinin və universal dəyərlərin başı üstünü alan yeni, gözlənilməz təhlükələri tez-tez hiss edir və görürük. Gəlin yada salaq ki, IX, X, XI, XII əsrlər müsəlman mədəniyyəti və elminin ən parlaq dövrü olub. Lakin Şərqdən və Qərbdən başlanan müharibələr, yürüşlər, basqınlar böyük tələfata səbəb olub, çox şeyi birdəfəlik məhv edib. XV əsrdə Qranadada o dövrün böyük sayda sufi şeirləri yandırılıb. Hamı başa düşmək və qəbul etmək istəyirmi ki, əxlaqi-etik, humanitar-mənəvi dəyərlər və oriyentirlər olmadan yaradıcılıq, ideya azadlığı, elmi fikrin tərəqqisi davamlı inkişaf edə bilməz. Tarixən yaradıcılıqda həqiqətin öz abstrakt, bəzən tam fərdi, bədii ifadəsi olur. Elmdə həqiqətə və şöhrətə gedən yol uzundur. İllərboyu gərgin əmək, axtarışlar, təcrübələr olmasa, alimlər, yəqin ki, tanınmağın və elmi uğurun sevincini duya bilməzlər. Elmdə həqiqəti aşkar etmək azdır, onu dönə-dönə yoxlamaq, sübut etmək və illüziyalardan qorumaq lazımdır. Xatırlayaq ki, böyüklər də səhvə yol veriblər. Ptolomey Yerin hərəkətsiz olmasına şübhə etmirdi. Kopernik, Eynşteyn, Tolstoy kimi doğulmaq, Nizami kimi “Xəmsə” yazmaq, Nəsimi kimi yaradıcı ideyalar naminə tərki-dünya olmaq hər kəsə nəsib olmur. Lakin biz hamımız istəsək də, istəməsək də bu böyük insanların – harmoniyanın və biliklərin gözəlliyini yaradanların bütün bəşəriyyətə qoyub getdikləri o böyük nurun bir zərrəsini daşıyırıq. Məhz onlar, onların ölməz irsi bizim yolumuzda sönməz ulduzlardır.