Əlcəzairin ədliyyə naziri Baş Prokurorluqda olub


Digərləri 21 İyn 2018 17:42:00 234 0

Əlcəzairin ədliyyə naziri Baş Prokurorluqda olub

Baş prokuror Zakir Qaralov Əlcəzairin ədliyyə naziri Əl-Tayib Louh ilə görüşüb.

Bakı. Baş prokuror Zakir Qaralov Əlcəzairin ədliyyə naziri Əl-Tayib Louh ilə görüşüb. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı qeyd olunaraq bu əlaqələrin möhkəmlənməsində dövlət başçıları İlham Əliyevin və Əbdüləziz Buteflikənin xüsusi rolu vurğulanıb. Baş prokuror ölkəmizin İslam və ərəb dünyası ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini qeyd edərək, dövlət başçısı tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması çərçivəsində dost Əlcəzair ilə ikitərəfli münasibətlərin inkişafı məqsədi ilə iki ölkənin ədliyyə nazirlikləri tərəfindən imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun, həmçinin cari səfər çərçivəsində imzalanan ekstradisiya haqqında müqavilənin əlaqələrimizin inkişafında yeni təkan olduğunu vurğulayıb. Qeyd olunub ki, Əlcəzairin ədliyyə naziri Əl-Tayib Louhun dəvəti ilə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun 2017-ci ildə nümayəndə heyəti ilə bu ölkədə səfərdə olması və Əlcəzairdən Azərbaycana nazir səviyyəsində ilk dəfə edilən bu səfər tarixi hadisə olmaqla münasibətlərimizin inkişafına, eyni zamanda, Anlaşma Memorandumu və ekstradisiya haqqında müqavilə iki ölkə arasında əməkdaşlığa dair imzalanan ilk sənədlər olmaqla müqavilə-hüquq bazasının təməlini qoyaraq, qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə dərinləşməsinə dəyərli töhfə olub. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, hər iki dövlətdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar ətrafında geniş fikir mübadiləsi aparılıb, ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə görülən işlərə və əldə olunan nailiyyətlərə böyük maraq göstərilərək, təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydası qeyd olunub.