Nazir: "Gələcəkdə neftə qlobal tələbatın ödənilməsində çətinliklər ola bilər"


Digərləri 21 İyn 2018 17:36:00 331 0

Nazir: "Gələcəkdə neftə qlobal tələbatın ödənilməsində çətinliklər ola bilər"

Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) "Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq" mövzusunda keçirilən VII beynəlxalq seminarında çıxış edib.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, P.Şahbazov çıxışında gələcəkdə dünya iqtisadiyyatında neftin rolu, neft bazarında mövcud tendensiyalar və Azərbaycanın neft ölkəsi kimi gələcək inkişaf strategiyasından bəhs edib.

Energetika naziri OPEC+ formatında əməkdaşlığın neftin qiymətinin sabitləşdirilməsi məqsədinə nail olduğunu, lakin qlobal neft bazarında, neft sənayesində yaranan yeni vəziyyətin bu əməkdaşlıq üçün yeni prioritetlər müəyyənləşdirdiyini deyib: "Dünyada iqtisadi artım templəri, neft-kimya sektorunun inkişafı, bərpa olunan enerji mənbələrinin hələlik nefti əvəz edə bilməməsi kimi faktorlar yaxın perspektivdə neftin enerji balansında aparıcı mövqeyini təmin edəcək. Bununla belə bir sıra əsas neft ölkələrində geosiyasi səbəblərlə əlaqədar hasilatın kəskin azalması və bazara çıxışda gözlənilən məhdudiyyətlər, eləcə də son illərdə aşağı neft qiymətləri ilə əlaqədar transmilli şirkətlər üçün upstream sektorunun cəlbediciliyini itirməsi gələcəkdə qlobal tələbatın ödənilməsində çətinliklər vəd edir. Enerji bazarının yenidən balanslaşması, neft sənayesinə gələcəkdə tələbata uyğun investisiyaların qoyulmasını təmin etmək OPEC+ formatında əməkdaşlığı vacib edir."