Azərbaycanla AİB arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə edilib (FOTO)


Digərləri 21 İyn 2018 16:57:00 368 0

Azərbaycanla AİB arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə edilib (FOTO)

Maliyyə Nazirliyində Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya departamentinin direktoru və Bankın İcraçı Direktorlar Şurasının üzvləri ilə görüşlər keçirilib

Bakı. Maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya departamentinin direktoru Verner Lipaxın başçılıq etdiyi nümayəndə heyəti və Kshatrapati Shivaji rəhbərlik etdiyi bankın İcraçı Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşlər keçirib. Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşlər zamanı S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, bank sektorunun gücləndirilməsi tədbirləri, büdcə-vergi siyasəti və maliyyə intizamının daha da gücləndirilməsi, həyata keçirilən infrastruktur və investisiya layihələri, ölkədə işgüzar mühitin yaxşılaşdırılması və asanlaşdırılması, eləcə də digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Ölkəmizin əlverişli nəqliyyat və logistika mövqeyi, iri enerji və regional nəqliyyat-infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi tranzit imkanlarından bəhs edən nazir bu günlərdə Azərbaycan və Türkiyədə rəsmi açılış mərasimləri keçirilən Cənub Qaz Dəhlizi, ötən il istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin qlobal miqyasda böyük əhəmiyyət daşıdığını, bu tranzit və nəqliyyat xətlərinin region ölkələri üçün böyük imkanlar yaratdığını vurğulayıb. AİB-nın Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyən ilk beynəlxalq maliyyə qurumu olduğunu xatırladan S.Şərifov bankın Azərbaycanda həyata keçirdiyi layihələrin dövlət və özəl sektorları əhatə etdiyini və dövlətin inkişaf strategiyalarına uyğun olaraq həyata keçirildiyini qeyd edib. Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsini təmin etmək üçün ölkə rəhbəri tərəfindən hökumət qarşısında mühüm vəzifələr qoyulduğunu deyən nazir S.Şərifov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində qarşıya qoyulan məqsədlərə çatmaq üçün Asiya İnkişaf Bankının öz töhfəsini verməkdə davam edəcəyinə əminliyini ifadə edib.