Bakıda tələbəni öldürməkdə təqsirləndirilən şəxslərə hökm oxundu


Digərləri 21 İyn 2018 14:39:00 292 0

Bakıda tələbəni öldürməkdə təqsirləndirilən şəxslərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rəşad Həsənov 17 il, Aftandil Məmmədov isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Rəşad Həsənovun 18 il, Aftandil Məmmədovun isə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il Bakının Nəsimi rayonunda baş verib. Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin zorakılıq əlamətləri olan meyiti rayonun Fikrət Əmirov küçəsində aşkar edilib.

İyulun 3-də meyit tapılandan sonra ilkin olaraq S.Mehdiyevin qətlə yetirildiyi bildirilsə də, sonradan onun avtomobillə vurulması barədə məlumat yayılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.